19.09.2024, 06:06
AZ EN
15.02.2024, 11:41 349

Gözün aydın, komandir...

XƏBƏRLƏR
  • Azərbaycan ordusunun kapitanı, şəhid Veysəl Musibovun döyüş yoldaşı Nəvai Bayramov deyir ki, nə yaxşı komandirim Veysəl olub. Çünki o xüsusi təyinatlı necə olmalıdırsa onu bizə öyrətdi. Veysəl Musibov öz nümunəvi xidmətinə görə həmişə başqalarından seçilirdi. Bizim döyüşdüyümüz ərazi çox çətin relyefə malik idi. Amma komandirimiz öndə gedirdi və hamı ona güvənirdi, gözümüz həmişə onu axtarırdı: “Bu gün demək istəyirəm ki, kapitan Veysəl Musibov aramızda olmasa da onun ruhu şaddır. Gözün aydın, komandir, torpaqlarımızı işğaldan azad etdik, indi rahat yata bilərsən”.

Xüsusi təyinatlıların kapitanı, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid  Veysəl Musibov 1989-cu il fevralın 15-də Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olub. Milliyətcə azərbaycanlıdır.

İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində alan Veysəl həmin il Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-ci ildən N saylı hərbi hissədə taqım komandiri olaraq xidmət edib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçib, Xüsusi Əməliyyət qrup komandiri vəzifəsində xidmət edib. 

2012-2016 - cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştrak edib. Dəfələrlə hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştrak edib. 2016-cı ildə tarixi Aprel döyüşlərində  Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı kimi düşmənlə savaşıb. 2018 - ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qrup yarışında 1-ci yerə layiq görülüb.

"Efes-2018" Xüsusi Təyinatlılar yarışında iştrak edərək 24 ölkə arasında qrup olaraq birincilik əldə edib. Həmin ildə Xüsusi Əməliyyat taborunda əməlliyat zabiti olub. 2019-2020-ci illər ərzində Xüsusi Əməliyyat taborunun gərargah rəisi vəzifəsində vətənə xidmət edib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2019-cu il tarixli Sərəncamına əsasən Veysəl Musibov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun kapitanı Veysəl Musibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində, həmçinin, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Veysəl Musibov oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Abşeron rayonu, Xırdalan şəhərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Veysəl Musibova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan başqa Veysəl Musibəv "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə",

"Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz kapitan Veysəl Musibov ailəli idi, onun bir qız və bir oğul övladı Vətənə əmanətdir.

Kapitan Veysəl Musibov əsl qəhrəman idi. Onun döyüş yoldaşı Elvin Mamedov deyir ki, komandirimizin ən çətin anlarda ani olaraq verdiyi qərarlar bütün heyəti xilas edirdi.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər