Sərhədimizdə təxribat törədən, Ermənistanın "Yerkrapa" terror təşkilatı Birinci Qarabağ müharibəsində döyüşən ermənilər tərəfindən 1993-cü ildə yaradılan Ermənistanın qeyri-hökumət təşkilatıdır. Terror təşkilatının yaradıcısı Vazgen Sarkisyandır. Yaradılan zaman təşkilat cəmi 6 min nəfəri əhatə edirdi. Bu təşkilatın üzvləri Birinci Qarabağ müharibəsində iştirak ediblər və amansızlıqları ilə seçiliblər. 1994-cü ildə "Yerkrapa" Ermənistanın ən güclü təşkilatlarından birinə çevrilir. Onlar artıq 1998-ci ildə Ermənistanın milli məclisinin ən güclü fraksiyasına çevrilmişdilər. Fraksiyanın parlamentdə 69 üzvü var idi. 1999-cu ildə Vazgen Sarkisyanın ölümündən sonra terror təşkilatının nüfuzu qismən azalsa da, təşkilat 30 minə yaxın terrorçunu ətrafında birləşdirməyi bacarmışdı. 1999-cu ildən 2019-cu ilə kimi terror təşkilatına Xocalı qatillərindən olan "Tuşonko satan" ləqəbli Manvel Qriqoryan başçılıq edib. "Yerkrapa" Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. "Yerkrapa" terror təşkilatı Aprel döyüşlərində cəbhəyə minlərlə silahlı terrorçu göndərib. 2019-cu ildən "Yerkrapa"ya erməni terrorçu Sasun Mikayelyan rəhbərlik edir. İkinci Qarabağ müharibəsi zamanı da onlar işğalçılara dəstək olublar, minlərlə silahlını döyüşlərə göndəriblər.
12 fevral 2024-cü ildə saat 13:37 radələrində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Merkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində əsgər Xəlilzadə Pərviz yaralanıb. 13 fevral 2024-cü ildə Ermənistanın törətdiyi təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirilib. Ermənistan silahlı qüvvələrinin həmin ərazidə yerləşən döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub və Ermənistan tərəfindən 4 hərbçi məhv edilib. Öldürülənlər "Yerkrapa" terror təşkilatının üzvləridir.
Hazırladı: Tahirə AĞAMİRZƏ