22.11.2024, 12:40
AZ EN
14.02.2024, 12:27 331

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

XƏBƏRLƏR
  • Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. Belə ki, uşaq anasından insanların niyə bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara kitab bağışlama  günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab bağışlama günü” olaraq qeyd edilməyə başlayıb. Həmin vaxtdan bu təşəbbüs bütün dünyada dəstək qazanaraq yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflər, blogerlər və uşaq yazıçıları böyük rol oynayıb və indi də həmin missiya davam etməkdədir.

Hər il minlərlə həm köhnə, həm də yeni nəşrlər dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Elə Azərbaycan da, bu proseslərdən kənarda qalmır. Tez-tez “Qanun” Nəşrlər Evi nəşriyyatının akt zalında “Endirimli Kitab Yarmarkası” kampaniyası həyata keçirilir. Bura 1, 2, 3 və 5 manatlıq yüzlərlə kitab daxildir. Burada hətta qiyməti 50 qəpiyə endirilən uşaqlar üçün kitablar da yer alıb. Qeyd edək ki, oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə bilirlər.

Bu əlamətdar gündə kitab seçimində ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi də oxuculara dəstək olur. Belə ki, burada 4 dildə və hər mövzuda kitablarla yanaşı, xüsusi hədiyyəlik kitab dəstləri və hədiyyə qutuları da mövcuddur. Eyni zamanda, hədiyyə verəcəyiniz şəxsin kitab zövqünü bilmirsinizsə və kitab seçimində tərəddüd edirsinizsə, 20, 30, 50, 100 AZN-lik “Hədiyyə kartları”nı da əldə etmək olar.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri ilə yanaşı, mədəni həyatı bərpa etmək üçün kitablara da, böyük ehtiyac yaranıb. Buna görə də, Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən “Qarabağa kitabla gedək!” aksiyası təşkil edildi. 2020-ci ildən həyata keçirilən aksiya çərçivəsində mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, türkdilli dövlətlər, tanınmış xarici və yerli yazarlar, ölkəmizin nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən Qarabağ Kitab Fondu üçün böyük sayda kitab hədiyyə olunub.

Mədəniyyət Nazirliyinin məlumatına görə təkcə 2022-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan və Türkiyə nəşriyyatları, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və digər təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Qarabağ Kitab Fonduna müxtəlif sayda kitablar bağışlanıb.

Mina RƏŞİD

Oxşar xəbərlər