27.07.2024, 09:52
AZ EN
12.02.2024, 11:36 276

Bu gün Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür

XƏBƏRLƏR

Qarabağ, nə doğmasan,
Necə şirinsən, Vətən! 
Sənə qurban olarmı
Söylə, hər yoldan ötən? 

 

Təbriz belə düşünüb
Qarabağa yol aldı.
Atasının qəlbində
Qürurdan dağ ucaldı. 

 

Ata bir qəhrəmandı.
Bir igid oldu oğul.
Fərəhdən Xəlil Rza
Dedi: "Təbrizim, sağ ol!" 

 

Vətən qoynuna aldı
Təbrizini gül kimi.
Adı əbədi qaldı
Qəhrəman oğul kimi. 

 

Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım günüdür. O, 1964-cü il fevralın 12-də Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.
1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təbriz tələbə vaxtlarından əmək fəaliyyətinə başlayıb. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.
T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xramord və Kiçik Naxçıvan kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Cəsurluğuna görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il yanvarın 31-i Təbriz Xəlilbəylinin son döyüşü olub. Həmin döyüşdə o, şəhidlik zirvəsinə ucalıb. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

27 yaşında Qarabağ uğrunda şəhadətə ucalan T.Xəlilbəyli evli idi, iki qızı Vətənə əmanət qalıb.
Bakı və Salyanda küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Şəhidimizin müqəddəs adı gəmiyə də verilib.

Bu gün şəhid Təbriz Xəlilbəylini anarkən atası, Azərbaycanın böyük oğlu, Azadlıq mücahidi, hər misrası “Vətən”, - deyən unudulmaz şairimiz Xəlil Rza Ulutürkü də böyük ehtiramla yad edirik. O şairi ki, oğlu Qarabağa müharibəyə yollananda ona uğur diləyib. Şəhid balasının dəfnində isə gəlininə gözaydınlığı verib. Xəlil Rza Ulutürkün təkcə həyat yoldaşı yox, onun əqidə dostu, Təbriz kimi bir oğulun qəhrəman anası Firəngiz Xəlilbəylinin xatirəsini də bu gün böyük məhəbbətlə anırıq.

Düz 7 il dünyaya gəlişini gözlədiyi oğlu Təbrizin şəhadətindən sonra ürəyi yansa da, böyük şair başını dik tutub, hər sözü, misrası ilə “Vətən sağ olsun!”- deyib. Bu gün o gözəl, dəyərli ailədən olan hər birinin -X.R.Ulutürkün, Firəngiz xanımın və Milli Qəhrəman Təbriz Xəlilbəylinin ruhu şaddır. Çünki, Təbriz kimi oğulların uğrunda can qoyduğu Qarabağ bu gün düşməndən azaddır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində Zəfər tariximizi elə Təbriz kimi oğullar yazdı.

Cənnətdək doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər