Doğmaları deyir ki, Əli çox səmimi oğlan idi. Hələ heç kəs ondan inciməmişdi. Bacısı ondan yadigar qalan boyunbağını öz boynundan asıb. Deyir ki, bir də qardaşımın köynəyini geyinirəm. Onda elə bil, onun nəfəsini hiss edirəm...
Əli hərbi xidmətə yollananda bacısına anasını, bir də sevdiyini tapşırıb.
Babası deyir ki, oğlum Qurbanov Şahin 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olub. Əli də onun kimi qəhrəman şəhiddi.
Anası nurlu göz yaşları içində şəhid övladı ilə fəxr etdiyini söyləyir. Deyir ki, mən qürur duyuram ki, belə bir qəhrəmanın anasıyam.
Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Heydərov Əli Vaqif oğlunun doğum günüdür. O, 2002-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. Əli Heydərov 2020-ci il mayın 7-də həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonu N saylı hərbi hissələrdən birində xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Əli Heydərov müharibənin ilk günlərində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Əli Heydərov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif eilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Əli balamız!
Mina RƏŞİD