Azərbaycan Ordusunun əsgəri Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Zaur Kərimov 2020-ci ildə Şuşa döyüşləri zamanı oktyabrın 28-də Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Kürdəmir Şəhidlər Xiyabanında oktyabrın 28-də böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Kərimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Anası Kərimova Dilşad deyir ki, Zaur üç oğlumun ikincisi idi. Ağıllı, boy-buxunlu, idmançı, yaraşıqlı, mehriban, anacanlı oğul idi. Dərsdən sonra idmana, yarışlara gedirdi. Uşaqlarımız çox şükür pis əməl, pis vərdiş sahibi olmayıblar. Zaur dost, yoldaş qədri bilən, paylaşmağı, bölüşməyi, halallığı, düzlüyü sevən insan idi. O siqaret çəkməz, içki içməz, yalan danışmazdı, namaz qılırdı. Sonuncu dəfə avqustun 30-da qardaşının ad günündə gəlmişdi. Gedəndə dedi ki, bir həftədən sonra məzuniyyət götürüb gələcəyəm. Çox sevindim. Hələ də gözləyirəm. Balamın yoxluğu ilə barışa bilmirəm...
Atası Kərimov Saleh də şəhid övladından can yanğısı ilə danışır. Deyir ki, Zaurun idmana çox böyük həvəsi var idi. O da mənim kimi ilk vaxtlar futbolçu olmaq istəyirdi. Mən də vaxtilə idmançı olmuşam. Rayonun “Şirvan” futbol komandasının hücumçusu idim. Hərdən öz yaşıdlarımı toplayırdım gedib rayonun stadionunda Zaurun komandası ilə futbol oynayırdıq. Zaur ikinci oğlum olsa da qardaşları Anar və Ruslandan həm fiziki, həm mənəvi, həm də psixoloji cəhətdən güclü idi. Əsgərlikdən əla xasiyyətnamə, fəxri fərmanla qayıtdı. Sonradan hərbidə işləməyə başladı. Sentyabrın 26-da Zaurgilin taboru döyüş bölgəsinə gedib. Zaur oktyabrın 27-dək Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD