Ömrün bahar çağı gənclikdir. Yaşadığımız ömür yolunu səhifələdikcə hər dövrü qiymətləndirir, xatirələri təkrar olaraq göz önündən keçiririk. Lakin bütün ömür yolunda gənclik dövrünün xüsusi çəkisi var. Az insan tanıyarıq ki, “heyif cavanlıq” sözlərini işlətməsin. Bioloji ömür zaman olaraq dəyişir, nəsillər əvəzlənir, ancaq gənclik təravəti, xatirələr, yaşam tərzi heç vaxt unudulmur, yaddan çıxmır.
Bu gün Azərbaycanda intellektual, dünyagörüşlü və cəsarətli gənc nəsil yetişib, daha böyük zirvələrdə təmsil olunmağı bacarırlar. Milli sərvətimiz hesab etdiyimiz gənclik Azərbaycanın şanlı tarixinə Zəfər Gününü qanı-canı hesabına yazmağı bacardı ki, bu da Vətən qarşısında borcun ödənilməsi baxımından müstəsna əhəmiyyətə malik oldu.
Yaşadığım ömür payının gənclik illərində Ağdam rayon gənclər təşkilatında çalışdığım üçün belə qənaətə gəlmişəm ki, cəmiyyətimizin bütün sahələrində savadlı, bacarıqlı, vətənpərvər gənclərin təmsil olunması uğura aparan yol, məmləkətin fundamentinin möhkəmliyi deməkdir. Gənclik elə bir tükənməz enerjiyə malikdir ki, harada olsa, mütləq uğura imza atır. İşğala məruz qalmış torpaqlarımızın azad edilməsində Azərbaycan gənclərinin keçdiyi qələbə yolu bunu əyani təsdiq etdi.
Müasir dövrümüzdə Azərbaycanda gənclərə dövlət qayğısı hərtərəfli inkişafa stimul yaratmışdır, əldə etdiyimiz bütün nailiyyətlərdə gənclər ordusunun rolu çox böyükdür, onların cəmiyyətin təkanverici qüvvəsi olduqları sübut olunmuşdur. İdarəetmənin bütün strukturlarında, elm, təhsil və digər sahələrdə gənclərimizin geniş təmsil olunması ona imkan verir ki, qəlbimizin dərinliyində olan bir çox məsələlər uğurla həyata keçiriləcəkdir. Son otuz ildə arzuladıqlarımızı uğurla həyata keçirən gənclərimizlə fəxr edir, qürur duyuram. Bugünkü gənclərimiz qalib ölkənin qalib gəncləridir.
Beynəlxalq qurumlarda dövlətimizi uğurla təmsil edən, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından gənclərimizin rolu müstəsna əhəmiyyətə malikdir. Ağdam, Qarabağ torpağının yetirmələri olan Mətanət Ağamirli, Səadət Məmmədova, Elsevər Ağayev, Elxan Mikayılov, Fariz Nəcəfov, Azadə Quliyeva, Araz Sadıqov, Xalid Cəfərov, Səbinə Əzimova, Elnur Qasımov, Səlimbəy Səlimli, Emil Kazımov, Əsgər İsmayılov, Rafiq Kərimli, Aysel Əkbər, Soltan Əzimov, Elgün Fikrət oğlu, Səmayə Abbasquliyeva, Nurlan Şükür, Təhmiraz Mejdinov, Orxan Mehdiyev və yüzlərlə gənclərimiz çalışdıqları, təhsil aldıqları bütün sahələrdə nümunəyə çevrilmişlər.
Bərəkətli, gözəl təbiəti, qurub-yaratmağa qadir zəhmətkeş insanların, elm, dövlət, mədəniyyət xadimlərinin vətəni olan doğma Ağdama qovuşmaq ərəfəsindəyik. Gəncliyimizin örnək dolu illəri bizləri çağırır. Bioloji ömür-gün gəncliyimizə qayıtmağa yol verməsə də, daxili ruhumuz, qəlbimizin istəyi torpağımıza olan borcumuzu qaytarmağı zəruri hesab edir, nəsillərin zəngin təcrübəsi gənc nəsillərə ötürülməlidir. Yeni üslubda qurulan Ağdamda Gənclər mərkəzinin yaradılması gələcəyə baxış müstəvisində karyera və inkişafı formalaşdıran əsas istiqamətverici ünvana çevriləcəkdir.
Arzu və istəklərimiz, Qarabağımıza olan sevgi dolu ürəyimizlə bərpa-quruculuq nəticəsində hər tərəfi gül-çiçəklərlə bəzənməkdə olan doğma yurd yerlərimizə-Ağdama qayıdırıq. Ağdamlı illərimizdə gənclərimizin liderləri hesab etdiyimiz Çimnaz Əliyeva, Cəmilə Kazımova, Şəhla Tağıyeva, Raqub Məmmədov, İradə Fərhadova, Natiq Qasımov, Azər Bəhramov, Zabil Mehdiyev, Rövşən Binnətli, Fatma Kərimova, Mükafat Əliyeva, Rəna Kərimova, Həqiqət Mehdiyeva, Nəsibə Quliyeva, Ofeliya Hacıyeva, Rahibə Abdullayeva, Ceyran Əhmədova, Sevda Şükürova, Nüşabə Quliyeva, Rahibə Süleymanova, Çimnaz Kərimova, Elşən Əliyev, Baxşeyiş Hətəmli, Rüstəm Hacıyev, Rizvan Quliyev, Cabbar Abdullayev, Nazir Rüstəmov, Natiq Qafaroğlu, Fikrət Qasımov, Ədalət Xəlilov, Fikrət Əzimov, Famil Əsədov, İlqar Quliyev, Ədalət Məhərrəmov, Elbar Şirinov, Səməd Mahmudoğlu, Hafiz Əzimzadə, Xosrov İsmayılov, İsmayıl Abbasquliyev, Zabil Paşayev, Loğman Məmmədov, Cavid Qasımov, Şahin Məmmədov, Elbrus Ağdamlı, Barat Abbas oğlu, Mehman Allahverdiyev, Hafiz Əliyev, Novruz Nurullayev, İlqar İsmayılov, Zəminə Cavadlı, İlham Novruzov, Əkrəm Abdullayev, Zahid Alməmmədov, Məmmədrahim Nadirov, Sahib Hümbətov, Ələmdar Bayramov, Fəxrəddin Ələkbərov, Vidadi Əzimov, Etibar Şirinov, German Ağdamlı, Yamən Ağdamlı, Səməd Hətəmov, Nağı Əmirov, Əli Quliyev, Kamil Məmmədov, Hüsən Həsənov, Elxan Abdullayev, Rauf Allahverdiyev və bir çox adlarını qeyd etmədiyim vətən övladları ilə yenidən doğma rayonumuza qayıdaraq böyük quruculuğa töhfələr verəcəyimizə tam əminəm.
30 il bundan əvvəlki Ağdamlı günləri xatırlayarkən gənclik illərində birgə çalışdığım, əbədi olmayan dünyamızdan köç etmiş iş yoldaşlarıma,gənclər təşkilatının sıralarında tərbiyə almış, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanlarımıza rəhmət diləyirəm, qazilərimizə sağlamlıq arzulayıram.
Azərbaycan gəncləri bu günü - Gənclər Gününü qalib ölkənin qalib vətəndaşları olaraq ruh yüksəkliyi ilə qeyd edirlər. Vətənimizin gələcəyi gənclərin anlayış və enerjisinə bağlıdır. Bütün gənclərimizi, qəlbən özünü gənc hesab edənləri Gənclər Günü münasibətilə təbrik edirəm.
Azərbaycan gənclərinə eşq olsun!
Sabit ƏZİMOV