19.10.2024, 11:40
AZ EN
29.01.2024, 08:44 267

"Qəhrəman Vətən oğulları" adlı ədəbi-bədii gecə keçirilib

XƏBƏRLƏR
  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" və "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" ictimai birliklərinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş "Qəhrəman Vətən oğulları" adlı ədəbi-bədii gecə keçirilib.

Gecəni giriş sözü ilə açan Yasamal rayon MKS-nın direktoru Lətifə Məmmədova qeyd etdi ki, işğal altında olan torpaqlarımızı qanları, canları bahasına yağılardan azad edən şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva qeyd etdi ki, ailəmizdə dörd şəhid var. Azad olunmuş torpaqlar şəhidlərimizin bizə əmanətidir.

2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova vurğuladı ki, tədbir Vətən torpağı uğrunda döyüşmüş və canlarını qurban vermiş şəhid oğullarımızın xatirəsinə həsr olunub.

Şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova dedi: "Əlizaman mənim yeganə övladım idi. O, Vətən yolunda şəhid oldu, ölümün gözünə dik baxaraq, canı, qanı bahasına vuruşdu".

Şəhid mayor Ruslan Cəfərovun anası Alimə Cəfərova bildirdi ki, ailəsində hərbçi çoxdur. Oğlum Ruslan Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu, digər iki oğlum da Vətən uğrunda vuruşdu. Onlar eyni cəbhədə olduqlarına baxmayaraq, bir-birindən xəbərsiz döyüşürdülər.

Tədbirdə, həmçinin "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri və üzvləri çıxış edərək Xuşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki abidəsinə edilən hörmətsizlikdən danışdılar, erməni lobbisinin hərəkətlərini pislədilər. Sonra isə tədbir iştirakçıları Xan qızı Natəvanın heykəli ilə bağlı Fransa Respublikasının Azərbaycandakı Səfirliyinə ünvanlanmış Bəyanat qəbul etdilər.

Bəyanatda bildirilir ki, Fransadakı erməni diasporunun Azərbaycan mədəniyyətinə, ədəbiyyatına nifrəti sonsuzdur. Bu cür münasibət isə iki xalq arasında əlaqələrin pozulmasına səbəb ola bilər.

Ümid edirik ki, Fransanın hakimiyyət strukturları, ölkə ictimaiyyəti, mədəni icmalar bu məsələyə yenidən baxacaqlar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər