Bu gün 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri, gizir Vüqar Xaləddin oğlu Məmmədovun doğum günüdür. O, 1990-cı il yanvarın 23-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri Vüqar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Beyləqanda böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vüqar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki oğlu və bir qızı Vətənə əmanətdir. Qeyd edək ki, şəhidimizin öz adını daşıyan üçüncü övladı onun şəhadətindən sonra dünyaya gəlib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD