02.08.2025, 07:14
AZ EN
12.01.2024, 11:36 436

Şəhidlərimizin qanı yerdə qalmadı

XƏBƏRLƏR
  • Seymurun dayısı Rövşən İsmayılov Birinci Qarabağ müharibəsində XTQ üzvü kimi Füzulidə düşmənlə vuruşaraq qəhrəmancasına şəhadətə ucalmışdı. Ona görə də, Seymur İkinci Vətən Müharibəsinə könüllü olaraq həm də,  dayısının qisasını almağa Füzuliyə yollanmışdı. Seymur Füzulidən ailəsi ilə əlaqə saxlayanda, - “Öldü var, döndü yox”, deyərək, torpaqlarımız işğaldan azad edilməyənə qədər geri dönməyəcəyini bildirmişdi.

Anası deyir ki, balamın və bütün şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız murdar düşməndən azad edildi. Özüm də bu sevinci yaşayıram və bununla təskinlık tapıram...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Seymur Mirzə oğlu Alızadənin doğum günüdür. O, 1998-ci il yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Alızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Alızadə oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla doğma Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Seymur Alızadə ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, bir qızı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Seymur balamız!

Mina RƏŞİD 

Oxşar xəbərlər