23.04.2025, 22:49
AZ EN
11.01.2024, 11:17 348

Ənvər nişanlı idi...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Ənvər Emil oğlu İmanovun doğum günüdür. O, 1999-cu ildə Sumqayıt şəhərində  dünyaya gəlib. 2005-2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. Ənvər orta məktəb illərində öz fəallığı ilə seçilib.

2015-ci ildən AQGF-nın baş məşqçisi, üçqat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək uğurlar qazanıb. 2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşüb. Gəncə və Tovuz rayonlarında yerləşən N saylı hərbi hissələrdə baş atıcı kimi xidmət edib. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdıb və fərdi əmək fəaliyyətinə başlayıb. Kuryer işindən başlayan Ənvər administrator vəzifəsinə kimi yüksəlib. 2019-cı ilin yanvar ayında orta məktəbdə eyni sinifdə oxuduğu Məleykə xanımla nişanlanıb.

Ordumuzun əsgəri Ənvər İmanov 2020-ci il sentyabırın 21-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunanda Qusar rayonunda bir həftəlik təlimlərə qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Ənvər Cəbrayılın, Füzulinin, Xocavəndin işğaldan azad olunması uğrunda mərdliklə vuruşaraq şücaətlər göstərib.

2020-ci il oktyabrın 28-i qəhrəman döyüşçümüzün son döyüşü olub. Ənvər İmanov Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə sol tərəfindən və qarın nahiyyəsindən yaralanaraq qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 2020-ci il oktyabrın 29-da yüzlərlə insanın müşayəti ilə canını fəda verdiyi torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə İmanov Ənvər Emil oğlu ölümündən sonra “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

21 yaşında, nişanlı olan qəhrəman şəhidimizin xarirəsi heç vaxt unudulmayacaq. Çünki o özü kimi qeyrətli Vətən oğulları ilə birgə Azərbaycanda yeni bir tarix yazaraq, illərlə işğalda qalan torpaqlarımızda üçrəngli bayrağımızı ucaltdılar.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Ənvər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR