09.06.2025, 08:40
AZ EN
03.01.2024, 17:36 368

Vətən Müharibəsi Qəhrəmanı: Fəxr edirəm ki, qalib xalqın övladıyam

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirir. Otuzillik torpaq həsrətinə 44 gündə son qoyulması dövlətimizin qətiyyətinin, onun tarixi faktlara əsaslanan siyasətinin, rəşadətli Ordumuzun gücünün dünyaya nümayiş oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrini darmadağın etməsi 2020-ci il noyabrın 8-də Vətən müharibəsində şanlı Qələbəmizlə nəticələndi. Bu Zəfər Azərbaycan xalqı tərəfindən əbədi olaraq xatırlanacaq. Bu Qələbədə mənim də payımın olduğu və tarixin şanlı səhifəsi yaşadığım üçün bir hərbçi kimi qürur hissi keçirirəm.

Bu sözləri Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Anar Mirzəyev söyləyib.

Keçdiyi döyüş yolu haqqında danışan A.Mirzəyev qeyd edib ki, ümumiyyətlə, 30 ildə qurulmuş istehkam qurğularını nəzər alsaq, müharibə zamanı kifayət qədər maneələr yaradılmışdı. Qarabağ relyef baxımından dağlıqdır, çətin iqlim şəraitinə malikdir. Amma buna baxmayaraq, düşmən ilk döyüşlərdən Azərbaycan Ordusunun gücü qarşısında müqavimət göstərə bilmir və geri çəkilirdi.

“Biz Vətən müharibəsinin ilk günlərindən - düşmənin növbəti təxribatının qarşısını almaq üçün döyüşə atılarkən xalqımızın və dövlətimizin Orduya göstərdiyi etimadı açıq-aşkar hiss edirdik. Bizi Qələbəyə daha da yaxınlaşdıran, bu Zəfərə 44 gün kimi qısa müddətdə gətirib çıxaran amil məhz xalqımızın inamı idi. Çünki biz istər döyüş təyinatlı rayonlara doğru hərəkət edəndə, istərsə də savaş gedən ərazilərdə xalqımızın əsgər və zabitlərimizə göstərdiyi qayğının şahidi olurduq. Döyüşlər zamanı biz deyirdik ki, Qələbə xalqımızın haqqıdır, nəyin bahasına olursa-olsun bu Zəfəri xalqımıza yaşatmaq mənəvi borcumuzdur. Şükürlər olsun ki, bu şanlı Qələbəni xalqımıza yaşada bildik.

İkinci Qarabağ müharibəsinin gedişində, həmçinin gördük ki, döyüşçülərimiz və Azərbaycan vətəndaşları qəlbində Vətənə böyük məhəbbət bəsləyir. Bu da əsgərlərimizin Vətənə, Bayrağa və digər rəmzlərimizə sevgisinin bariz nümunəsi idi. Çünki dəfələrlə yaralanmasına baxmayaraq, döyüşçülərimiz savaş yerini tərk etmirdilər. Hətta onlar özlərinə ilkin tibbi yardım göstərsilməsini istərmirdilər. Bax biz həmin ruh yüksəkliyi ilə döyüşmüş, ərazilərimizi azad edərək irəliləmiş və qısa zamanda Qələbəni qazanmışdıq”, - deyə polkovnik-leytenant vurğulayıb.

Uğurlarımızın qazanılmasında müəyyən amillərin mühüm rol oynadığını da xatırladan Vətən Müharibəsi Qəhrəmanı bildirib: “Onlardan ən vacibi Azərbaycan Prezidentinin yürütdüyü qətiyyətli və məqsədyönlü siyasətdir. Dövlətimizin başçısı çıxışlarında hər zaman dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Digər amil xalqımızın Silahlı Qüvvələrimizə dəstəyi idi. Ən əsas məsələlərdən biri də o idi ki, Azərbaycan Ordusu doğma ata-baba torpaqlarımızı düşmən tapdağından azad etmək üçün haqq savaşına qatılmışdı. Odur ki, Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı Zəfəri ilə nəticələndi. Hazırda bütün dünyada yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Mən xalqımızı Qələbələr münasibətilə təbrik edirəm. Fəxr edirəm ki, qalib xalqın övladıyam, Müzəffər Ali Baş Komandanın əsgəriyəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və digər medallarla təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər