Bunu Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.
“Şəhid olan oğulların şəkillərinə baxdıqda, həyat hekayələrini dinlədikdə açıq-aydın görmək olar ki, o gözəl məqamın nuru şəhadət şərbətini içəcək oğulların üzünə, əməllərinə yansıyıb. Polad Həşimovun da simasından, davranışlarından sanki cənnətin sorağı gəlirdi. Daşkəsən, Tovuz, Murovdağda xidmət edənlər, onunla ünsiyyətdə olanlar bilirlər ki, o, necə zabit olub. Şəhid general-mayor digər oğlum Məhəmmədin Daşkəsəndə komandiri olub. Onun necə bir komandir olduğu hər kəsə bəlli idi. Oğlum deyirdi ki, Polad Həşimov əsgərlərinə öz övladı kimi baxır. Polad kimi generallar neçə əsrdən bir yetişir. Onun kimi generalın da belə qəhrəman əsgərləri olmalı idi. Ərazi bütövlüyümüzü bərpa edənlər də məhz onun açdığı cığırla gedənlər oldular. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından xilas edilib. Azad olunmuş torpaqlara ayaq basanda generalımız başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxuyuruq. Nə onun, nə də onun qəhrəman əsgərlərinin qisası qiyamətə qalmadı”, - deyə şəhid anası vurğulayıb. (AZƏRTAC)