Qırx dörd günlük müharibə zamanı işğaldan azad edilmiş Hadrut qəsəbəsində bərpa və yenidənqurma işləri ilə bağlı hazırlıq tədbirlərinə start verilib. Yaxın vaxtlarda həmin ərazilərdə erməni işğalçılarının dağıdaraq yarasız hala saldığı bina və tikililərin söküntüsünə başlanacaq.
"Vətən səsi" xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” tenderinin nəticələri açıqlanıb. Bildirilir ki, tenderin qalibi “Ramco” QSC olub. Şirkətlə 2 milyon 3 min 464 manat məbləğində müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, “Ramco” QSC həmin vəsaitlə Baş plan əsasında Hadrut qəsəbəsində söküntü və şaquli planlaşdırma işləri həyata keçiriəcək. Həmçinin vəsaitin bir hissəsi müvəqqəti binaların tikintisinə və qurğuların quraşdırılmasına, qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclərə sərf ediləcək.
Qeyd edək ki, “Ramco” QSC 2010-cu ildə yaradılıb.
Elxan SALAHOV