Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Zaur Nizami oğlu İsmayılzadənin doğum günüdür. O, 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam etdirib. Zaur “Aprel döyüşləri”nin iştirakçısıdır. Həmin döyüşlərdə yaralanıb, 2017-ci ildə ordudan tərxis olunub.
Gizir Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılıb. Sentyabrın 29-dan Füzuli uğrunda gedən qanlı döyüşlərdə şücaətlər göstərib.
Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Lənkəranda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur İsmayılzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azadlığına görə medallarla təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD