16.12.2024, 17:47
AZ EN
26.06.2022, 15:30 750

Düşmənin çənəsini ova-ova...

XƏBƏRLƏR
  • Kiyevdə ali təhsil aldığı vaxtlarda bir dəfə qrup yoldaşları ilə şəhərdə gəzərkən ermənilərlə rastlaşıblar. Necə olubsa, dəliqanlı cavanlar üz-üzə gəliblər. Ermənilər onlara: “Burda qeyrətdən danışmağa nə var? Kişisiniz, hünəriniz var, gedin torpaqlarınızı alın”, - deyə söz atıblar. Bərk mübahisə düşüb, sonra da əlbəyaxa dava. O, həmin davada ermənilərdən birinin çənəsini sındırıb. Onları birtəhər aralayıb, davanı yatırsalar da, ürəyi soyumayıb. Ermənilərin onlara ünvanladıqları tikanlı sözləri heç cür unuda bilməyib. “Həmin gün özümə söz verdim ki, nə vaxt olur-olsun, imkan düşəndə, fürsət yaranan kimi mən bu “qeyrəti” onlara göstərəcəyəm. Nə vaxt olur-olsun. Harada olur-olsun! Gec-tez!”.

Bu sözləri Vətən müharibəsi qazisi Zakir İmanov deyir.

Uzaq illərin xatirələrini bir-bir gözləri önünə gətirən döyüşçü bildirib: “Ukraynaya təhsil almağa getməzdən əvvəl Daxili Qoşunların sıralarında “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə zabit kimi xidmət etmişəm. Beş illik müqavilə müddətim bitəndən sonra ehtiyata buraxılmışam. Ukraynadan qayıtdıqdan sonra da ermənilərin bizə ünvanladıqları söz yadımdan çıxmırdı. Həm də Vətən qarşısındakı borcumu yerinə yetirmiş kimi hiss etmirdim. 2020-ci ilin payızında gözlədiyim məqam yetişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə qismən səfərbərlik elan olunanda cəbhə bölgəsinə axın başladı. Cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə müraciət edənlərdən biri də mən idim. 33 yaşım vardı, mənə yaşımın çox olduğunu dedilər. Bütün gün idarənin qarşısından getmədim. Sentyabrın 27-də işdə olarkən evə telefon zəngi gəlib, atam cavab verib. Hərbi komissarlıqdan məni axtardıqlarını da atam mənə dedi. Sanki uçmağa qanadım yox idi. Heç kimə heç nə demədən işdən taksiyə oturub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə getdim. Günorta bizi avtobusa mindirib Bərdəyə apardılar”.

Zakir yenidən söhbətinə davam edir: “Axşam ermənilər qərar tutduğumuz mövqeni atəşə tutdular. Bizi arxa zonaya keçirdilər. Bir gün orada qaldıqdan sonra bizi Mingəçevirdə yerləşən hərbi hissəyə göndərdilər. Orda kəşfiyyat taboruna təyinat aldım. Həmin vaxtlar televiziya kanalları çəkilişlər edir, döyüşlərə yollananlardan müsahibələr alırdılar. Məndən də müsahibə aldılar. Bircə onu dedim ki, "Qarabağ Azərbaycandır!". Evdəkilər müharibədə olduğumu yalnız onda bildilər, halbuki onlara rayonda yaşayan dostumgilə getdiyimi demişdim. Ailəmi, övladımı Vətənə əmanət qoyub getmişdim...

Kəşfiyyat taboru olaraq ilk tapşırığımız Tərtər rayonunun Talış kəndini və bir neçə strateji yüksəkliyi ələ keçirmək oldu. Tapşırığı müvəffəqiyyətlə yerinə yetirdik. Həmin əməliyyatlar zamanı döyüş yoldaşlarımızdan bir neçəsi şəhid oldu. Oradan Zəngilana, bir gün sonra Füzuliyə göndərildim və Alıxanlı kəndində mövqe tutub azğın düşmənə layiqli cavablar verdik. Yenidən Talış kəndi istiqamətinə göndərildik.

Talış kəndini quldurlardan tam təmizləyəndən sonra növbəti hədəfimiz Suqovuşan oldu. Hamımızda yüksək döyüş əhval-ruhiyyəsi vardı. Lakin ermənilərin mövqeyi strateji cəhətdən çox əlverişli idi, kameralarla bizi izləyirdilər. Buna baxmayaraq, irəli gedirdik. Sonra məni tank əleyhinə tağıma keçirdilər. Suqovuşanda yüksəkliklər uğrunda qızğın döyüşlər gedirdi. Döyüş meydanında ermənilərin texnikaları qalmışdı. Döyüş yoldaşlarımla yuxarı qalxmalı idim. İrəliləyərkən düşmən əsgərləri bizi qarşı tərəfdən güclü atəşə tutdular. Toz-dumandan addım atmaq çətin idi, sanki yer-göy bir-birinə qarışmışdı. Döyüş yoldaşlarıma gözləməyi tapşırıb, birtəhər toparlanıb təkbaşına irəli getdim, əvvəlcə qarşıma iki əsgər çıxdı. Onlar yaralı deyildilər, ancaq psixoloji sarsıntı keçirmişdilər. Əsgərlərə gizlənməyi tapşırdım. Bir az irəlidə üç əsgərin yaralı olduğunu gördüm. İkisinin yarası yüngül, birininki isə ağır idi. Ayaqları diz nahiyəsindən qopmuşdu. İki nəfəri təxliyə etdik. Ağır yaralının ayaq nahiyələrini iplə bağladım. Düşmən hərbi qulluqçularının aramsız atəşi onları təxliyə etməyə imkan vermirdi. Yaralı əsgərin üstünə uzandım ki, ona başqa xətər toxunmasın. Minaatan mərmisinin qəlpələri ayağıma və onurğa sütunuma tuş gəldi. Ayağımdan qan axdığını gördüm. Köməyə döyüş yoldaşlarım və sanitarlar gəldilər, lakin atəş altında olduğumuzdan təxliyə alınmırdı. Ağır yaralı əsgər bir neçə dəfə mənə dedi ki, "valideynlərim vəfat edib, məni ölməyə qoymayın, nişanlım yolumu gözləyir". Ona təskinlik verdim. Bir müddət gözlədik ki, ara sakitləşsin. Düşmən hara gəldi atır, biz isə cavab verirdik. Yaralılarımız çox idi. Həmin əsgəri birtəhər sanitar maşını ilə yola saldıq. Lakin çox gedə bilmədilər, təəssüf ki, maşını vurdular. Həmin əsgər də şəhid oldu. Çox pis oldum. Nifrət hissim ikiqat artdı. Nə olur-olsun, irəli getmək lazım idi, ancaq yaralar da incidirdi. Süngü bıçağını qızdırıb ayağımdakı qəlpəni çıxardım. Onurğa sütunumdakı qəlpə isə qaldı. Döyüş meydanından çıxmaq istəmirdim. Lakin ağrılarım artdığından bir gün hospitalda müalicə alası oldum, səhəri gün isə geri qayıtdım. Hazırda qəlpə onurğa sütunumda qalmaqdadır”.

Döyüşlərin birində düşmənin Suqovuşanda tankı savaş meydanında qoyub qaçdığını bildirən qazi ilk dəfə məhz həmin vaxt tank sürməyi öyrəndiyini diqqətə çatdırıb: “Silahdaşlarım dedilər ki, tanka bomba qoyula bilər. Heç nəyə baxmayaraq, tanka yaxınlaşdım. Tankı işə salma qaydasını izah etdilər. Cəhd etdim, alındı. İlk dəfə idi ki, tank sürürdüm. Ümumiyyətlə, tank sürmək arzum olub. Döyüş yoldaşlarım zarafatla dedilər ki, 50 metr sür partlamasa, biz də sürəcəyik. Həmin tank sonradan Bakıya gətirildi, Hərbi Qənimətlər Parkında, sonra Zəfər paradında nümayiş etdirildi. Sonra isə istifadəyə yararlı olduğu üçün Ordumuza təhvil verildi.

Müharibənin son günlərində bizi Ağdərə istiqamətinə göndərdilər. Noyabrın 10-u gecə saatlarında isə Ermənistanın kapitulyasiya aktına imza atdığı və müharibənin bitdiyini xəbər verdilər”.

Zakir İmanovun belə döyüş xatirələri çoxdur. Hətta müharibənin qızğın çağında vaxt tapıb iki həftə evə zəng edə bilmədiyindən onun şəhid olduğu xəbəri də yayılıb. Lakin bu xəbərin yanlış yayıldığı onun evə etdiyi zəngdən sonra aşkar olub.

Əslən Zəngilan rayonundan olan döyüşçü doğma yurdunu elə döyüşlər vaxtı gördüyünü, lakin valideynlərinin anlatdığı mənzərədən əsər-əlamət qalmadığını qeyd edib: "Zəngilana ayaq basanda kövrəldim. Həm ona görə ki, ilk dəfə idi doğma yurdumu görürdüm, həm də şahidi olduğum vəhşilik qanımı dondurdu. Vandallar daşa, ağaca da aman verməmişdilər. Hər yer darmadağın idi. Bir anlıq bu torpaqların əsl sakinləri kimi həmin əraziləri yenidən güllük-gülüstana çevirəcəyimizi xəyal edib təskinlik tapdım. Hazırda da azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri doğma yurdumun əvvəlki gözəl çağlarını görəcəyimə ümidimi və inamımı artırır”.

Zakir indi rahat nəfəs alır. Təkcə Vətən torpağının, doğma yurdunun işğaldan azad edilməsində pay sahibi olduğuna görə yox, həm də Ukraynada əlbəyaxa dava etdiyi ermənilərə layiqli cavab verdiyinə görə də...

Qeyd edək ki, Vətən müharibəsi qazisi Zakir İmanov ölkə başçısının müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər