23.12.2024, 22:22
AZ EN
26.06.2022, 08:35 303

Müzəffər Ordumuza eşq olsun!

XƏBƏRLƏR
  • Bu gün Silahlı Qüvvələr günündə biz qalib ölkənin qalib vətəndaşları kimi dövlətimizlə, Müzəffər Ali Baş Komandanımız və Ordumzla fəxr edirik. Gəlin, bayramını Zəfər sevinci kimi qeyd etdiyimiz Ordumuzun keçdiyi yollara nəzər salaq.          

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu və ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi.  

Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə bu dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair əməkdaşlıq əlaqələri genişləndirilməklə bir sıra ölkələrlə müqavilələr imzalanıb. Bu gün dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuş Silahlı Qüvvələrimiz əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, torpaqlarımızın ərazi bütövlüyünü və müstəqil dövlətçiliyimizi qorumağa qadir olan bütün imkanları səfərbər edir.

Ötən il Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə bunları söylədi: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Bəli, xalq şairi Zəlimxan Yaqubun söylədiyi kimi, ordum varsa, yurdum var. 2020-ci il sentyabrın 27-də başlayıb, 44 gün davam edən haqq savaşımızda bizə Zəfər qazandıran Müzəffər Ordumuza eşq olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər