Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində son illər ardıcıl və geniş miqyaslı islahatlar həyata keçirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi, elektron texnologiyalar üzərində, vətəndaş məmnunluğuna uyğun göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq son 4 ildə 3 sosial islahat paketi həyata keçirilib və 4 milyondan çox vətəndaşın rifahına dəstək olan bu islahatlar üzrə əlavə olaraq illik 6 mlrd. manat ayrılıb.
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi ölkəmizin yeni brendinə çevrilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib.
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş tədbirləri əhatə edən sosial dəstək paketi icra olunur.
Ümumilikdə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi Nazirliyin fəaliyyətində mühüm yer tutur. Ölkə Prezidentinin tapşırıqlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təminatı proqramını icra edib.
Həssas qruplarla bağlı mühüm sosial proqramların icrasında da son illər mühüm uğurlar əldə olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı son 4 ildə 5 dəfə genişlənib.
Dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Buna misal olaraq özünüməşğulluq proqramına cəlb olunanların sayı son 4 ildə təqribən 15 dəfə artıb. Həmin dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.
Aparılan sosial islahatlarda səmərəli fəaliyyəti ilə seçilən Nazirlik əməkdaşlarının əməyi ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir qrup əməkdaşının dövlət təltifinə layiq görülməsi də bunun növbəti təzahürüdür.
Dövlət başçısının uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək.
Hazırladı: Mina RƏŞİD