23.12.2024, 13:04
AZ EN
24.12.2023, 17:12 283

Vətən müharibəsi döyüşçüsü: Yeni ili yeni mənzildə qarşılayacağam

XƏBƏRLƏR
  • Orxan Batıyev dörd il Milli Ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Onun Vətən müharibəsindəki döyüş yolu Füzuli rayonunun Horadiz kəndindən başlayıb və noyabrın 3-də Şuşakəndə qədər davam edib. Həmin gün aldığı yaradan sonra onu tərxis edərək hospitala aparıblar.

“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülən keçmiş döyüşçü yaralandığı döyüş səhnəsini xatırlayaraq deyib: “Şuşakənddə çox ağır döyüşlər gedirdi. Həmin kənddə ermənilər güclü müdafiə səngərləri qurmuşdular. Üç gün davam edən döyüş zamanı xeyli şəhid verdik, çoxlu yaralı var idi. Atəş altında olan yaralıları çıxarmaq heç də asan deyildi. Ona görə altı nəfər əsgər yoldaşımla birlikdə yaralıların təxliyə edilməsinə kömək göstərirdik. Yaralıları döyüş meydanından çıxarıb geri qayıdanda güclü mina atəşinə düşdük. Mərmi dalğası ərazidəki hündür yüksəklikdən yerə çırpılmağıma səbəb oldu. Anlaqsız vəziyyətə düşdüm, bir gün həmin vəziyyətdə qalandan sonra mənə ilkin tibbi yardım göstərilmək üçün əvvəlcə Tuğ kəndinə, sonra Hadrut və Füzuli rayonlarındakı xəstəxanalara aparıblar. Ağsu və Göygöl rayonlarındakı xəstəxanalarda da müalicə almışam”.

O, müxtəlif hospitallarda müalicə olunduqdan sonra yenidən hərbi xidmətə qayıdıb və dekabrın 28-də ordu sıralarından tərxis olunub.

İndiyədək Yasamalda əmisinin onlara ayırdığı mənzildə qalan Orxan bacısıgilin ailəsi ilə bir yerdə yaşayıb. Hövsanda ona verilən ikiotaqlı mənzilin sevincini bölüşən Orxan Batıyev deyib: “Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Mənzillərin açarları da bizə bu gün təqdim olunub. İlk növbədə, hərb tarixinin ən möhtəşəm qələbələrindən birini qazandığımıza və bugünkü gündə bizə verilən mənzillərə görə ona çox təşəkkür edirəm. Yəqin ki, bu həftə yır-yığış edib yeni mənzilə köçəcək və Yeni ili yeni mənzildə qarşılayacağam”, - deyə üçüncü qrup Vətən müharibəsi əlili deyib. (AZƏRTAC)

Oxşar xəbərlər