04.03.2026, 05:49
AZ EN
14.11.2025, 10:46 283

Mən qəhrəman olacam…

XƏBƏRLƏR
  • Ramin uşaqlıqdan idmanla məşğul olurdu. Deyirdi ki, mən qəhrəman əsgər kimi torpaqlarımızı düşməndən azad edəcəm. Raminin əmisi Habil Məmmədov da döyüş yolu keçmişdi, o Birinci Qarabağ Müharibəsi qazisidi. İkinci Vətən Müharibəsi başlayan kimi könüllü döyüşə yollandı. Ramin çox dostcanlı idi, elə qanlı döyüşlər zamanı da dostlarını unutmadı. Özü yaralı olsa da ağır vəziyyətdə olan yoldaşlarına kömək əlini uzatdı. Həmin anda da düşmən gülləsinə tuş gələrək şəhadətə ucaldı...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ramin Aydın oğlu Məmmədovun doğum günüdür. O, 14 noyabr 1997-ci ildə Şəki rayonunun Babaratma kəndində anadan olub. 2004-cü ildə Babaratma kənd orta məktəbinə gedib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində Vətənə xidmət edib.
Kəşfiyyatçı Ramin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü yollanıb. Sentyabr ayının 29-dan Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə vuruşaraq şücaətlər göstərib. Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq Ramin yaralı halda neytral zonada olan silah yoldaşına yardım etmək üçün irəli qaçıb. Elə o anda snayper gülləsinə tuş gəlib. Ramin Məmmədov Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 2020-ci il oktyabrın 18-də doğulduğu Babaratma kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramin Məmmədov "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər