23.12.2024, 03:29
AZ EN
18.12.2023, 11:49 306

Bu gün Vüqar Tofiqlinin 60 illik yubileyidir

XƏBƏRLƏR
  • Bu gün “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai birliyinin sədri, ağdamlı kimi tanıdığımız araşdırmaçı-jurnalist, Qarabağla, xüsusilə də,  Ağdamla bağlı çoxsaylı monoqrafiya və məqalələrin, kitabların müəllifi Vüqar Tofiqlinin doğum günüdür. 60 illik yubileyi münasibətilə “Vətən səsi” Vüqar Tofiqlinin doğum günü ilə bağlı sosial şəbəkələrdə paylaşdığı statusu təqdim edir.
     

Yeddinci onilliyin astanasında

Ömrümün altmışıncı ilində geriyə baxanda yaşıdlarımla bərabər mənin də həyatımın çox gərgin, bəzən də təlatümlü hadisələrlə müşaiyət olunduğunu görmək olar.

SSRİ kimi dünyanın ikinci nəhəng bir dövləti göz önümüzdə demək olar ki parcalandı və dağıldı. Nəticədə, müstəqillik qazansaq da, ərazimizin iyirmi faizi mənfur ermənilər tərəfindən işğal olundu. Bu illər ərzində ən yaxın insanlarımızın köçkün həyatı göz önümdən getmir. Şəhidlik zirvəsinə ucalan doğmalarımızın xatirəsi isə əbədi olaraq hər birimizin yaddaşına hopub.

O gərgin illərdə kənddə müəllim işləyərkən, şaiyələrdən, dedi-qodulardan uzaq olmaq üçün hadisələri öz gözümlə görmək istəyindəydim. Topun, qradın atəşi altında dəfələrlə Ağdama gedər, artıq baş vermiş hadisələr barəsində müfəssəl məlumat əldə etməyə çalışardım. O illərdə hər kəs kimi mən də çaşqın bir vəziyyətdə idim. Nə edəcəyimi, hansı addım atmalı olduğumu, açığı, düşünməyə belə vaxt olmurdu. Bir tərəfdən köçkün düşən doğmalarımızın dərdinə şərik olmaq, onları yerbəyer etmək, digər tərəfdən maliyyə sıxıntısı, başqa bir tərəfdən manatımızın “diri-diri öldürülməsi” hər kəsi sanki məngənəyə salmışdı.

Bu da bir faktdır ki, özümü dərk etdiyim illər ərzində həqiqətən saysız-hesabsız həm də faciələrlə üz-üzə qalan bır sıra tarixi hadisələr baş verib.

Ağdama düşmən tərəfindən ilk “Alazanın” atılmasının, dəhşətli Xocalı faciəsinin, Ağdərənin ilk dəfə işğaldan azad edilməsinin, insanların yurd yerlərindən dəfələrə köç etməsini, ən nəhayət 44 günlük Vətən müharibəsindəki Zəfərimizin, ən sonda isə ərazi bütövlüyümüzün tam bərpa olunmasının şahidi olmaq elə bil alnımıza yazılıbmış. Bir məqama sevinirəm ki, uzun sürən gərgin proseslərin sonunun qürurverici qələbə ilə başa çatması hər halda üzləşdiyim ağrı-acını bir xeyli azaltmış oldu.

Mənim irəliyə doğru addım atmağımda, hətta üzləşdiyim çətin və gərgin anlarda vəziyyətdən çıxmağımda əzizlərimin və dostlarımın köməyini hiss etməyim isə min kilometrlərlə uzanan həyatımın ayrı bir səhifəsidir. Bütün hallarda ortalıqda olmağı sevməsəm də, dönüb geriyə baxanda Vətənimə, dövlətimə sədaqətlə xidmət etdiyimi görürəm. Hər halda yaşadığım hər günə şükür etməklə bundan sonra da Vətənimə, dövlətimə və böyüməkdə olan nəvələrimə xidmətimi davam etdirmək niyyətindəyəm.

Beləliklə, 18 dekabr tarixində həyatımın altıncı onilliyi tamam olur. Ümid edirəm ki, hələ yeddinci, səkkizinci, hətta dirəniş göstərib doqquzuncu onilliyi də yaşaya bilərəm. Sözün qısası, nəsil-kökdə atamın uzunömürlük rekordunu yeniləmək niyyətindəyəm. Hər halda Allah bundan sonra nə qədər ömür verəcəksə sağlam verməsini arzulayıram.

Hələlik bu qədər...

Sizin Vüqar Tofiqli.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər