27.07.2024, 15:17
AZ EN
17.03.2022, 16:20 262

Umud Mirzəyev: “Sülhün Kökləri” təşkilatının təsisçisi Azərbaycanın necə böyük fəlakətlə üz-üzə olduğunu öz gözləri ilə gördü

XƏBƏRLƏR

Martın 1-5-də “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi Haydi Künün Azərbaycana səfərinin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini 30 illik işğal zamanı Qarabağ və ətraf rayonların minalanmış ərazilərinə çəkmək idi. Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.

Umud Mirzəyev bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə proqramı üzrə fəaliyyət göstərir. Qarabağ işğaldan azad olunandan sonra əsas problem məhz ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi olub. Azərbaycan hazırda dünyada minalarla çirklənmə dərəcəsi ən yüksək olan ölkələrin sırasındadır. “Sülhün Kökləri” təşkilatı 25 illik fəaliyyəti ərzində indiyədək səkkiz ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın zərərsizləşdirilməsinə nail olub, eyni zamanda, həmin ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək verib. Onun minalarla çirklənmiş əraziləri üzüm bağlarına çevirən “Minalardan üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib. Bu təşəbbüs Əfqanıstandan kənd təsərrüfatı məhsulları ixracının 2014-cü ildə əldə edilən 250 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə böyük töhfə verib. Biz düşündük ki, belə bir təşkilatla əməkdaşlığımız Qarabağ regionu üçün faydalı ola bilər. Bu niyyətlə onlarla yazışmalara başladıq və Haydi Kün də öz növbəsində təşkilatımızı araşdırdıqdan sonra müraciətimizə müsbət cavab verdi.

Onun sözlərinə görə, Haydi Künün Qarabağa səfəri, mətbuat konfransı keçirməsi, BAMF-la “Sülhün Kökləri” təşkilatı arasında anlaşma memorandumunun imzalanması, ADA Universitetində görüş kimi bir sıra tədbirlər onun çevrəsində olan media qurumları tərəfindən bu gün də işıqlandırılır. Haydi Kün Azərbaycan səfərindən sonra bu gün də Əbu-Dabidə, eləcə də dünyanın bir sıra yerlərində keçirdiyi görüşlərdə Azərbaycanla bağlı problemin nə qədər ciddi olduğunu qabardır. O, həmçinin üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olmaq üçün Şamaxının Meysəri kəndinə səfər edib, orada şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixi barədə məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılmasının əhəmiyyəti barədə müzakirələr aparıb. Səfərin sonunda isə biz Haydi Künün də iştirakı ilə rəmzi olaraq üzüm tənəyi əkərək dünyaya sülh mesajı verdik.

“Biz Haydi Künlə Tərtər və Ağdam rayonlarında olduq. Onun Ağdama gedən yolda nə qədər sarsıntı keçirdiyinin, göz yaşlarını boğaraq dəhşətli görüntüləri necə müşahidə etdiyinin şahidi oldum. Biz orada Şəhidlər xiyabanını ziyarət edərkən Haydi Kün 12 yaşlı Xocalı şəhidi Səxavətin məzarı önündə diz çöküb bu torpağın əvvəlki halına qayıtması üçün əlindən gələn hər şeyi edəcəyini dilə gətirdi. Bu gün Qarabağ haqqında müxtəlif mənbələrə sığınıb qərarlar qəbul edə bilərlər, ancaq insan vəziyyəti öz gözü ilə gördükdə artıq bütün təsəvvürü dəyişir, irqindən və cinsindən asılı olmayaraq, burada törədilən vəhşilik qarşısında aciz qalır. Haydi Kün dünya insanı olaraq gördüklərini yorulmadan ətrafa yayıb və yaymaqda da davam edir. Əbu-Dabidə BMT-nin təşkil etdiyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Qarabağla bağlı məsələni Haydi Kün dostları arasında müzakirə mövzusuna çevirib. Müzakirənin iştirakçısı Polşa şahzadəsi Anjelika Yaroslavska göndərdiyimiz video və foto materiallara baxdıqdan sonra Azərbaycanda həyata keçəcək layihələrə məmnuniyyətlə qoşulacağını və maksimum töhfə verəcəyini dilə gətirib. Bu da bizim gördüyümüz işlərə müsbət töhfəsini verəcək”,- deyə Umud Mirzəyev qeyd edib.

BAMF-ın prezidenti diqqətə çatdırıb ki, Haydi Künün fəaliyyətinin əhəmiyyəti çirklənmiş ərazilərin minalardan təmizlənməsi üçün mümkün vəsaitin toplanması və beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini təmin etməyə çalışmasıdır. Bu, həm dünyada Azərbaycanla bağlı təsəvvürün formalaşması, həm də regionun minalardan təmizlənməsi və sonradan insanların istifadəsinə verilməsi baxımından son dərəcə önəmlidir. Otuz ildir insanlar didərgin düşdüyü yurd-yuvasına qayıdıb öz iş yerlərini yaratmaq istəyirlər. Minalanmış ərazilərdə həyata keçiriləcək layihələrin icrası həm iş yerlərinin açılmasına, həm də insanların geri dönməsinə dəstək olacaq. Haydi Kün Azərbaycana dost kimi gəlib buradan doğma bir insan olaraq ayrıldı. O, uzun illərdir həyatını barışa sərf etmiş insanların rifahı üçün fəaliyyət göstərir. Haydi Kün səfəri zamanı Azərbaycanın necə böyük bir fəlakətlə üz-üzə olduğunu öz gözləri ilə gördü. Bizim təşkilat onunla mütəmadi olaraq təmasdadır və müştərək proqramımız var. BAMF-ın sentyabrda keçiriləcək 30 illik yubileyində Haydi Künün Azərbaycana növbəti səfəri gözlənilir. Bundan başqa, biz həm Azərbaycanda, həm də ölkəmizdən kənarda bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq.

Qeyd edək ki, bu günə qədər “Sülhün kökləri” səkkiz ölkəni - Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Xorvatiya, İraq, İsrail, Fələstin və Vyetnamı əhatə edən 1 milyondan çox fermer və ailənin həyatına təsir edib. Haydi Künün təşkilatı indiyə qədər bu ölkələrin keçmiş döyüş meydanlarından yüz mindən çox minanın çıxarılmasına birbaşa töhfəsini verib. Təşkilat PHS-in təmizlənməsini asanlaşdırıb və onların əvəzinə yerli fermerlərə yüksək qiymətli ixrac məhsullarının əkilməsi üçün dəstək olub. Bununla da minlərlə ailəni yoxsulluqdan xilas edib. Ötən ilin əvvəlində “Forbes” jurnalının “Forbes’ 50 Over 50 Women” siyahısına daxil edilən yaşı 50-dən çox 50 qadından biri adlandırılan Kün son 20 ildə Əfqanıstanda missiya və fəaliyyətinə görə daha çox tanınıb. Haydi Kün və “Sülhün kökləri” 2006-cı ildə Sosial Sahibkarlıq üzrə Skoll Mükafatı (Skoll Award for Social Entrepreneurship), İctimai xidmətə görə Jaklin Kennedi Onassis Mükafatı da daxil olmaqla çoxsaylı mükafatların laureatı olub. 2018-ci ildə o, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında ilk Yer Etikası Mükafatına (Earth Ethics Award) layiq görülüb. 2019-cu ildə Haydi Kün Yeni Dehlidə Mahatma Qandinin 150 illik yubileyi münasibətilə Qandi Qlobal Ailə Mükafatını alan ilk amerikalı olub. Onun 2020-ci ilin aprelində nəşr edilən “Ground Breaking Ground” adlı kitabı həm xatirə, həm də fəaliyyətə çağırış mesajını ötürür. Nəşr Haydi Künün yer üzündən minaları məhv etmək və sülhün köklərini möhkəmlətmək axtarışının cəlbedici təsviridir.

Oxşar xəbərlər