23.12.2024, 08:26
AZ EN
24.06.2022, 08:50 575

Tək qızını anasına əmanət etdi

XƏBƏRLƏR
  • Torpaqlarımızı mənfur düşməndən azad etmək üçün 2020-ci ilin sentyabrında Vətən savaşı başlayanda bir çox cəsur oğullarımız çağırış gözləmədən Vətənin müdafiəsinə qalxıb cəhbəyə yollandı. Kimi övladlarını, kimi tək dayağı olan anasını, kimi ailəsini, kimi üzünü görmədiyi onlardan sonra doğulacaq doğulmadan öncə atasız qalacaq körpələrini Tanrıya əmanət edib Vətənin harayına qaçdılar, bəli, qaçdılar...Hədəfləri isə yalnız və yalnız mənfur düşməni torpaqlarımızdan, Qarabağımızdan silib-süpürmək idi, başlarını ilan başı kimi əzmək idi... Buna isə cəmi 44 gündəcə qanları bahasına nail oldular...

Qanıyla Vətən torpağını yuyan şəhidlərimizdən biri də Zaur Hüseynovdur.

O, 1995-ci il iyunun 24-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Evdə, ailədə kimsə ona bu peşəni seç deməyib. Özü böyüdükcə dərk eləyib ki, yolunu burdan salsa, Vətən xeyirli övlad olacaq. Elə buna görə də çox çalışıb, çox oxuyub, sevib seçdiyi bu peşənin çətinliyi onu qorxutmayıb, əksinə, mübarizliyini daha da artırıb.

Öncə Cəmşid Naxçıvanski, sonra isə Heydər Əliyev  adına Ali Hərbi məktəblərdə öyrəndikləri onu mətinləşdirib. İkinci Qarabağ müharibəsinin əvvəlindən döyüşlərə qatılıb bir çox uğurlu əməliyyatlarda payının olduğunu görəndə isə sevinməyib, “hələ bu nədir ki, daha irəli gedib bütün torpaqlarımızı azad etməli, azğın düşmənin ruhunu öldürməliyik”,-deyib Silahlı Qüvvələrin leytenantı Zaur Hüseynov. Qələbənin yaxında olacağına əminliyini itirməyən Zaur bu qanlı-qadalı döyüşlərdə kimin sağ, kimin isə şəhid olacağını da bilmirdi. Elə ona görə də axırıncı dəfə evlərinə zəng eləyib həyat yoldaşı, qardaşı ilə danışıb, yoldaşına yegnə qızlarını çoxlu öpməsini deyib, anası ilə isə danışmağa ürək etməyib, mesaj yazıb ki, ana, uşaqlar sənə əmanət, onlara yaxşı bax. Bu isə  igidimizin son mesajı olub...

 “Vətən  uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən zabitimiz doğulduğu torpağın qoynunda uyuyur.

Uca Tanrıdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər