09.06.2025, 17:47
AZ EN
13.12.2023, 09:51 303

19 yaşlı “Rəşadət” ordenli qəhrəman

XƏBƏRLƏR

Şəhadətin 19 yaşı var idi. Amma onun yaşadıqları və haqqında deyilənlər yaşından çox böyükdü. O, idmançıydı, doğma Şamaxıda güləş üzrə birincilik qazanmışdı. Amma onun arzusu daha böyük idi, bir idmançı kimi bayrağımızı dünyada dalğalandırmaq arzusundaydı. Şəhadət sanki qəhrəman olmaq üçün doğulmuşdu. O, hərbi xidməti dövründə özünü elə göstərdi ki, hərbçi olmaq qərarına gəldi. Buna görə də, müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başladı. Azərbaycanın bütün mərd oğulları kimi Şəhadət də İkinci Vətən Müharibəsini böyük həvəslə qarşıladı. Şəhadət bununla Birinci Qarabağ Müharibəsinin iştirakçısı, itkin düşmüş dayısının və şəhid olmuş oğullarımızın da intiqamını alacaqdı. Şəhadət arzusuna çatdı, torpaqlarımız işğaldan azad edildi və bu müqəddəs yolda o bir qəhrəman kimi şəhadət şərbətini içdi.    

Vətən Müharibəsinin qəhrəman şəhidi, xüsusi təyinatlı kiçik çavuş Şahadət Üsufov 2000-ci il dekabrın 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonundakı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keçiyində dayanıb.
Azərbaycan Ordusunun kiçik çavuşu Şahadət Üsufov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında şücaətlər göstərib.
İgid döyüşçü oktyabrın 10-da Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz dünyaya göz açdığı Şamaxı rayonunun Göylər kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şahadət Üsufov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şücaətə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Şəhadətin komandiri onun döyüşlərdə necə qəhrəmanlıqla vuruşmasından fəxrlə danışır. Deyir ki, Şəhadət igid döyüşçü, vəfalı dost, əhdinə sadiq bir insan idi.

Şəhadət şəhid olmasına iki gün qalmış atasıyla danışır və onlardan halalıq istəyir. Baçısı da, qardaşını xüsusi məhəbbətlə xatırlayır. Şəhadət evdə hər kəsin unutduğu doğum günündə ona zəng edib, yaxşı oxumasını arzulayıb və təhsil almasında əlindən gələn köməyi göstərəcəyini deyib.

Şəhadətin döyüş yoldaşı onun səhid olduğu anlarda yanında olduğunu bildirərək, ölümünün də gözəl olduğunu söyləyib. Şəhadət son anda gülümsəyərək şəhadətə ucalıb...

Qanınla yazdın adını,

O sal daşa, qayaya.

Son anda da təbəssümlə

Vida etdin dünyaya.

Cənnətdəki doğum günün mübarək olsun, məzarın nurla dolsun, qəhrəman Şəhriyar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər