21.09.2024, 18:40
AZ EN
08.12.2023, 14:45 274

Vətən müharibəsi iştirakçısı: Torpaqlarımız azad olduğuna görə çox xoşbəxtəm

XƏBƏRLƏR
  • Noyabrın 3-də Daşaltı kəndinə daxil olmağa çalışırdıq. Kəndin ətrafındakı meşəlikdə düşmən atəşi nəticəsində yaralandım. Mənim yaralandığım ərazi erməni snayperinin atəşi altında olduğuna görə digər yaralı əsgərləri çıxarmaq mümkün olsa da, 12 saat döyüş meydanında yaralı qaldım. Yalnız axşam əraziyə duman çökəndən sonra məni atəş altından çıxarmaq mümkün oldu. Nəhayət, əsgər yoldaşlarım xərəklə məni döyüş mövqeyindən uzaqlaşdırdılar, güllə sol ombamda qaldığından məni Hadruta, sonra Füzuliyə apardılar, həkimlər ayağımı amputasiya etmək istəyirdilər, lakin mən buna qətiyyən icazə vermədim. Sonra məni Bakıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirdilər.

Milli Ordunun əsgəri Alim Bayramov söhbətində 2020-ci ilin payızında Vətən müharibəsində yaralandığı döyüş epizodunu xatırlayıb.

O, söhbətinə davam edərək deyib: “Həmin xəstəxanada professor Qələndər Canbaxışov bu işi öz üzərinə götürdü. Professor əvvəlcə gülləni ombamdan çıxardı, sonra millər vasitəsilə sümüyü yığdı, İlizarov aparatı taxdılar və beş ay yataq vəziyyətində qaldım. Müalicə mərkəzlərində, reabilitasiya pansionatlarında uzun müddət bərpa prosesi keçəndən sonra ayağım tədricən işləməyə, açılmağa başladı. İndi şükür ki, yeriyirəm və ayağımın amputasiya olunmamasına görə Vaqif həkimə dərin minnətdarlığımı bildirirəm”.

Alim Bayramov 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi isə həmin il sentyabrın 27-də Füzuli bölgəsində gedən döyüşlərdən başlayıb. Sonralar Hadrut, Qubadlı döyüşlərində iştirak edən Alimin son döyüşü Daşaltıda olub. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” görə medallarına layiq görülən keçmiş döyüşçü dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı avtomobillə təmin olunub.

İkinci qrup əlillik dərəcəsi alan Alim ona göstərilən bu qayğıya görə dövlətimizə minnətdarlığını bildirir: “Doğulduğun torpaq, üstündə gəzdiyin Vətən uğrunda hər şeyə hazır olmalısan. Hər şey üçün biz bu torpağa borcluyuq. Sağlamlığımı itirsəm, tam normal yeriyə bilməsəm də bir böyük təsəllim var: Vətən bu gün bütövdür, tamdır, azaddır! Biz də onun qalib əsgərləriyik. Elə bu hisslərə görə yaşamağa dəyər…”.

Xocasəndə ikiotaqlı mənzil alan Vətən müharibəsi iştirakçısı hazırda ata-anası ilə birlikdə yaşayır. Hələ yeni mənzilə köçməyib, subaydır. Yeni aldığı avtomobili isə özünə verilən ən böyük Yeni il hədiyyəsi hesab edir. (AZƏRTAC)

Oxşar xəbərlər