Bu səfərlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilib.
Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və şəhidlik zirvəsinə ucalan hərbçilərimizin valideynlərinin də iştirak etdiyi bu səfərlər çərçivəsində şəhid ailələri Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Səfərlər zamanı şəhid ailələrinin üzvləri Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini və şəhərin digər tarixi-mədəni abidələrini ziyarət ediblər.
Səfərlər zamanı şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
Hazırladı: Mina RƏŞİD
 
 
 
