Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri, baş əsgər Həsən Turan oğlu Dəmirov 1994-cü il dekabrın 1-də Cəlilabad rayonunun Muğan kəndində anadan olub. Kənd məktəbində 9 illik təhsil aldıqdan sonra Cəlilabad Peşə Liseyinə daxil olub. 2013-cü ildə hərbi xidmətə yollanıb və Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. Hərbçi olmaq istəyən Həsən 2000-ci ilin avqust ayından yenidən MAXE kimi Tərtərdə Vətənə xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı baş əsgər kimi Həsən Dəmirov döyüşlərə qatılıb. O, yoldaşları ilə birgə 6 postu düşməndən azad etdikdən sonra, müharibənin ilk günündə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidimiz Həsən Dəmirov dünyaya göz açdığı Cəlilabad rayonunun Muğan kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Həsən Dəmirov ölümündən sonra “Vətən uğrunda” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD