“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın əsas prioritetlərindən biri də ətraf mühitlə bağlı problemlərin həlli, regionun dinamik inkişafı fonunda ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlər görülür ki, bunlardan da biri yaşllıqların salınmasıdır.
Ekologoya və Təbii Sərvətlər Nazirliyindən "Vətən səsi"nin sorğusuna cavab olaraq belə deyilib. Bildirilib ki, hazırda orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Belə ki, hava şəraitinin soyuq keçməsinə baxmayaraq Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqlar salınır.
Bundan başqa, qardaş Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə-bərpa tədbirlərinə böyük təkan verəcək.
Nazirlikdə onu da bildirirlər ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər görülür. Belə ki, tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur.
Nazirlik bəyan edir ki, işğaldan əvvəl həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 260 min hektar sahədən 54 min hektarı, xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 mln ədəd) oduncaq tədarükü üçün qırılıb, eləcə də mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb. Yeni aşkar edilmiş mədənlərin istismarı ilə əlaqədar minlərlə hektarlıq ərazidə meşələr qırılıb. Onların arasında püstə, dərman stiraksı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pırkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və digər ağac növləri məhv olmaq üzrədir.
Bundan başqa işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə meşələrin bərpası tədbirlərlərində aidiyyəti dövlət qurumları ilə yanaşı ictimai təşkilatlar da fəal iştirak edir. Məsələn, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, eləcə də bir sıra tanınmış şirkətlərin dəstəyi ilə həyata keçirilən "Zəfərdən Dirçəlişə" layihəsi çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağac əkilib. Əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, qlediçiya və şərq çinarından ibarət yaşıllıq zonalarının əhatə dairəsinin bir az da genişləndirlməsi nəzərdə tutulur.
Elxan SALAHOV