24.04.2025, 05:28
AZ EN
28.11.2023, 12:17 350

Başınızı uca tutun

XƏBƏRLƏR
  • Təbriz uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Ona görə də hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başladı. O, Tovuz döyşlərində də iştirak etmişdi. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olan Təbriz Vətən müharibəsində yaralandıqdan sonra tam sağalmamış həkimlərdən, doğmalardan gizli yenidən döyüşlərə qatıldı...

Bu gün Şanlı Vətən Müharibəsinin şəhidi, MAXE Təbriz Letman oğlu Alməmmədovun doğum günüdür. O, 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub. Sumqayıtdakı İsmət Qayıbov adına 3 saylı orta məktəbi bitirib. O, məktəb illərində Şahinlər qrupunun üzvü olub. Hərbi xidmətini Ağcəbədidə N saylı hərbi hissədə başa vurub.  

2019-cu ilin dekabrında yenidən Müdafiə Nazirliyinə müraciət edərək MAXE kimi Azərbaycan Ordusunda Vətənə xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsində Təbriz Alməmmədov ilk gündən döyüşlərə qatılıb. Sentyabrın 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlərdə başından, böyründən və ayağından qəlpə yarası alaraq hospitala göndərilib. Çox keçmədən o, yaraları hələ sağalmamış döyüşən igid yoldaşlarını düşünərək yenidən cəbhəyə can atıb. Həkimlər ona hələ yaxşı olmadığını desələr də, o 25 gündən artıq gözləyə bilməyib və inadla cəbhəyə yollanıb.
Təbrizin son döyüşü noyabrın 7-də Şuşa istiqamətində olub. Anası deyir ki, döyüş yoldaşlarının sözlərinə görə, bir neçə düşməni məhv edərək irəliləyən Təbriz yaralı yoldaşını döyüş meydanından çıxararkən, snayper gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib. Deyib ki, "Allahverdi yaralanıb, gedirəm onu götürəm". Ona ehtiyatlı olmasını, hər an onları snayperin güdməsini söyləsələr də sürünə-sürünə gedib ki, yoldaşına kömək eləsin. Beş dəqiqədən sonra Təbrizi səsləyəndə artıq ondan cavab gəlməyib...
Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.  

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Təbriz Alməmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Şəhidin anası Gülnarə Cəfərova oğlunun uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərdiyini deyir. Təbriz uşaq vaxtından kəşfiyyatçı olmaq istəyirmiş. Müharibənin ilk günlərindən ön xətdə olub: “Ana, əgər şəhid olsam həmişə başınızı uca tutun. Sonuncu dəfə mənimlə Hadrutdan danışdı. Dedi, burada uşaqlarla oturmuşuq, çörək yeyirik. Artıq sondur, bir az da dözün, sağ-salamat qayıdıb gələcəyik evimizə. Noyabrın 1-dən sonra onunla əlaqə kəsildi. Bir də ayın 10-da bizə səhər-səhər xəbər verdilər ki, Təbriz şəhid olub”.

Bu gün 25 yaşlı qəhrəman şəhidimiz Təbriz Alməmmədovla nəinki doğmaları bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübürək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər