23.11.2024, 01:15
AZ EN
29.10.2023, 09:00 258

Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür

XƏBƏRLƏR
  • Hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir.

Həmin günün yaranma tarixi 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının insultu qlobal epidemiya elan etdiyi vaxtdan başlanıb və bundan iki il sonra İnsultla Mübarizə üzrə Ümumdünya Təşkilatı yaradılıb.

Hazırda həmin quruma dünyanın 90 ölkəsindən 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.

İnsult beynin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır.

İnsultun əlamətləri bunlardır: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı əyilir, koordinasiya pozulur, ətraflardan biri zəifləyir. Həmin əlamətlər təcili yardım çağırmaq üçün yetərlidir. Xəstəlik riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. İnsultun yaranma riskini artıran üç əsas amil - hipertoniya, yüksək xolesterin və artıq çəkidir.

Bu xəstəlik dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyon nəfər insultdan əziyyət çəkir və təxminən 5,5 milyon nəfər bu xəstəlikdən dünyasını dəyişir. Damar xəstəlikləri ölümlərin yarıdan çoxunu təşkil edir və əgər son vaxtlar insult əsasən 55-60 yaşdan yuxarı xəstələrdə baş verirdisə, indi bu halların təxminən üçdə biri əmək qabiliyyətli yaşda, yəni 25-50 yaşlılar arasında baş verir. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir.

Sağlamlığına biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda bu xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı, insult riskini də azaldır. (AZƏRTAC)

Oxşar xəbərlər