23.11.2024, 00:42
AZ EN
27.10.2023, 07:10 335

Qərbi Azərbaycan Xronikası: Aİ-nin müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistan müxtəlif bölgələrdəki erməniləri Qərbi Azərbaycana yerləşdirir” adlı süjetdə Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ müəyyənləşmədiyi, iki ölkə arasında 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, atəşkəslə bağlı razılıq əldə edildiyi, rəsmi İrəvanın iddiası və təkidinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədlər müəyyənləşmədiyi üçün regiona qüvvə yeritməkdən imtina etdiyi qeyd olunur.

Bildirilir ki, sərhədyanı bölgədə 1988-ci ilədək azərbaycanlılar yaşayıb:

“Bu ərazi Qərbi Azərbaycandır. Oranın sakinləri 35 il əvvəl silah gücü ilə Ermənistan vətəndaşlığından məhrum ediliblər.

İndi həmin ərazidə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası yerləşir. Regiona humanitar məqsədlə gəldiklərini iddia edən missonerlər Qərbi Azərbaycan ərazisində iki ofis açıblar. Onlardan biri Zəngəzur mahalının Gorus, o biri isə Qafan rayonunda yerləşir. Hazırda Qafan, Aşağı Qaranlıq, Cermukla yanaşı, Karvansara və Keşişkənd bölgələri daxil olmaqla, daha altı rayonda belə məntəqə açılıb”.

Süjetdə diqqətə çatdırılır ki, Aİ-nin mülki müşahidə missiyasının üzərində durub fəaliyyət göstərdiyi torpaqların əsl sahibləri məhz qərbi azərbaycanlılardır:

“Avropa İttifaqının son zamanlar Ermənistandan Azərbaycana qarşı alət olaraq istifadə etməsi onun missiyasının ədalətli olacağına şübhə yaradır. Ermənistan və havadarları 300 min Ermənistan vətəndaşının pozulan hüququndan bəhs etmir. Ermənistana və həmin əraziyə ermənilərin köçməsinə isə yardım edirlər. Ermənistan dünyanın müxtəlif bölgələrindəki erməniləri Qərbi Azərbaycana yerləşdirərək onları beynəlxalq ictimaiyyətə repatriant kimi təqdim etməyə çalışır”.

Sonda vurğulanır ki, Aİ-nin müşahidəçiləri Ermənistanı Azərbaycanın təhlükəsindən qorumaq kimi absurd missiya həyata keçirirlər:

“Bu missionerlər 30 il Azərbaycan torpaqlarında - Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə də ermənilərin işğalçı fəaliyyətinə göz yumur, müxtəlif məqsədli monitorinqlər keçirirdilər. İndi də qərbi azərbaycanlıların pozulan, tapdanan hüquqları üzərindən guya Ermənistanın atəşdən qorunması üçün “mülkü müşahidə missiyası” kimi regionun təhlükəsizliyinə, inteqrasiyasına və s. müsbət inkişafına heç bir faydası olmayan işlərlə məşğuldurlar. Əksinə, onların Ermənistanyönlü, şərti Ermənistan adlanan, Qərbi Azərbaycan ərazisində monitorinq aparması regional barışa təhdiddir. Bu həm də Qərbi azərbaycanlıların pozulan haqqına sayğısızlıqdır. Onların müşahidə apardığı ərazidə İranla sərhədlərdən tutmuş Göyçə gölünə, İrəvanadək bütün ərazilərdən 1988-ci ildə azərbaycanlılar qovulublar. Odur ki, Avropa İttifaqı, beynəlxalq vasitəçi iddiasında olanlar Qərbi azərbaycanlıların pozulmuş vətəndaş haqqını tanımağa borcludur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

 

Oxşar xəbərlər