08.06.2025, 20:15
AZ EN
17.10.2023, 15:38 308

Xocalı doğma sakinlərini gözləyir

XƏBƏRLƏR
  • Azərbaycan tarixinin Xocalı səhifəsi gələcək əsirlər və nəsillər üçün bir mirasdır. Xocalı şəhadət rəmzidir. Xocalı insanlıq rəmzidir. Xocalı İlahi ədalətin bərqərar olmasının sübutudur. Bu gün Xocalıda üçrəngli bayrağımız dalğalanır. İctimai Televiziyanın Xocalıdan olan ailə ilə bağlı hazırladığı sugeti izləyərkən onları dinləmək,  qəlblərində kök atmış ağrı və acının təskinliyə çevrilməsinin şahidi olmaq isə başqa bir hissdir.

Gəncə şəhərində öz ailəsi ilə birgə “Qəsəbə-2”də yaşayan Xocalı sakini Hüseyn Əzimov deyir ki, internetə girib Xocalının xəritəsinə baxanda görürdük ki, bizim yaşadığımız ev durur, 5 mərtəbəli ev durur. Amma atamgil fin evdə yaşayırdı, ermənilər işğal dövründə o evləri  təmiz yandırıblar.

27 yaşında Xocalıdan məcburi köçkün düşən Hüseyn Əzimov  dəhşətli soyqırım gecəsi hər iki valideynini itirib. Sağ qalan 1 qardaş, 3 bacısını böyütmək isə onun öhdəsinə düşüb. Ağrılı-acılı günlər yaşadığını dilə gətirən Hüseyn Əzimov bildirir ki, geridə qalan günləri həmişə kədərlə, nisgillə xatırlayırdıq. Amma indi bir təsəllimiz var ki, o da  Xocalıya sancılan üçrəngli bayrağımızdır.

Ermənilər atamı da, anamı da güllə ilə dəlik-deşik etmişdilər. Bibimi, əmimin nəvəsini anasının kürəyində vurmuşdular. Əmimi vurmuşdular. Əmim oğlunun bu günə kimi öldüsü, qaldısı bilinmir. Allah haqqı, Prezidentimizin Xocalıda üçrəngli bayrağımızı asdığını görəndə sevincdən ağladım. Bu sevinci izah etmək çox çətindir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizi salamat eləsin. Müzəffər Ali Baş Komandanımızı qorusun. Yeganə sərkərdədir ki, erməninin 200 illik həsrətini gözündə qoydu.

Əzimovlar ailəsi o zülmət gecədə 8 doğmasını itirib. Deyirlər ki, həmin gün Xocalıda daş-daş üstə qalmadı. İnsanların fəryadı ərşə çəkildi. Biz 30 ili beləcə xatırladıq. Lakin  bu gün torpağımızda qürurla dalğalanan  Azərbaycan bayrağı hər birimizin yarasına məlhəmdir.

Rəhilə Əzimova deyir ki, çox sevinirik. Ordan ağlaya-ağlaya, ağır itkilərlə gəldik. Dəhşətli zülmlər çəkdik. Öz ailəmiz 3 nəfərlə gəlmişdik. İndi Allaha şükür, 3 oğlum, 3 nəvəmlə qayıdacağıq doğma yurda.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər