Qərbi Azərbaycanın məşhur Ağadədə ocağı yaddaşlarda yaşayır. Bu barədə internet resurslarında yayımlanan məlumata görə, 1950-1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Ora müsəlmanlarla yanaşı, bəzən xristianlar da ziyarətə gəlirdilər. 1950-ci illərə qədər burada ancaq bir qəbir olmuş, adamlar onu pir kimi ziyarət etmişlər. Deyilənlərə görə, gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda itərmiş. 1950-ci illərdə orada bina tikiblər. Binanın ətrafında yanmış ağaclar vardı. Adamlar o ağacın kömüründən götürüb istifadə edir, şəfa tapırdılar. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini bu ocağın ətrafında yaranmış qəbiristanlıqda dəfn edirdilər. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılmışdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ