Qoca qartal nə gəzirsən,
Dağlar qoynunda, qoynunda…
Şeirləri dillər əzbərinə çevrilən, səsi, avazı yaddaşlardan silinməyən, Əməkdar mədəniyyət işçisi aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) bu gün anım günüdür. O, 1924-cü il martin 21-də Tovuz rayonunun Azaflı kəndində dünyaya gəlib.
Mikayıl Azaflı sağlığında klassikləşən ustad aşıq olub. Aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan və klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkardır. 1984-cü ildə IV Aşıqlar qurultayında çıxış edib və Aşıqlar Birliyinin sədr müavini seçilib. Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib, 1989-cu il martın 19-da Cəmiyyətin İdarə Heyətinin sədri İ.K.Arxipovanın dəvəti ilə Moskvaya gedərək Plenumda iştirak edib. 1989-cu il mayın 17-də "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Onun ilk şeirlər kitabı 1987-ci ildə "Qoca Qartal" adı ilə "Yazıçı" nəşriyyatında çap olunub. Kitab 1988-ci ildə Türkiyədə, 1993-2003-cü illərdə İranda eyni adla nəşr edilib. 2000-ci ildə "Azaflı yaradıcılığı dünyanın tarixi abidəsidir", 2008-ci ildə, demək olar ki, yaradıcılığının çox hissəsini əhatə edən "Qoca Azaflıyam", 2010-cu ildə "De, kimdən küsüm", 2013-cü ildə "Zindan məktubları" kitabları nəşr olunub.
Mikayıl Azaflı 1990-cı ildə oktyabrın 12-də dünyasını dəyişib, doğma kəndində, "Qərib Seyid" qəbiristanlığında dəfn edilib. Allah rəhmət eləsin.
Mina RƏŞİD