“Vətən səsi” xəbər verir ki, tarixi mənbələrdə sarayın 1761-ci ildə tikildiyi deyilir. Həmin sənədlərdə saray əslində böyük bir kompleksdən ibarət olduğu deyilsə də, ərazidəki tikililərdən yalnız biri hazırkı dövrə qədər qalıb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.
XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Bina yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. Tavanları qalın və yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları olub.
Laçının işğalından sonra kəndin adı dəyişdirilərək erməniləşdirilib, Həmzə Sultan sarayı isə qonaq evi kimi istifadə olunub. Erməni qəsbkarlarının 30 illik işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, şəhər və kəndlər, o cümlədən tarixi memarlıq abidələri yenidən qurularaq əzəli görkəminə qaytarılır. Laçının yenidən qurulması çərçivəsində bərpa növbəsinin tarixi Həmzə Sultan sarayına çatacağı gün də uzaqda deyil. Aşağıda Həmzə Sultan sarayının əvvəlki və hazırkı fotolarını təqdim edirik:
Röya SALMANQIZI