24.04.2025, 20:11
AZ EN
11.10.2023, 09:00 428

Şəhidlik ən uca zirvədir

XƏBƏRLƏR
  • Vüsalın Gədəbəydə hərbi xidmətini başa vurmağına az qalmış Aprel döyüşləri başladı. Döyüşlərə qatılan əsgərdən düz 11 gün səs-soraq çıxmadı. Anası hər gün onun üçün dua edirdi: “Hər gün Allaha dua edirdim ki, oğlumdan bir xəbər gəlsin, həmin vaxtlarda bizim tərəflərə də şəhidlər gəlirdi. Axırda dua etdim ki, Allahım, balamın şəhid olmasına razıyam, təki ondan xəbər gəlsin. Həmin gün əmisi zəng elədi ki, Vüsal yoldadı, gəlir. Elə bildim oğlum ikinci dəfə dünyaya gəldi, yenidən geri qayıtdı...”

Vətən Müharibəsi qəhrəmanlarından olan Vüsal Mərdan oğlu Şahmarlı 1996-cı il oktyabrın 11-də İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açıb. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi doğma Vətənə qayıdıb. Vüsal orta təhsilini Bakı şəhəri 138 nömrəli tam orta məktəbdə davam etdirib. 2014-cü ildə ort təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Ordumuzun mərd əsgəri olan Vüsal Şahmarlı 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. O, hərbi xidmətini şərəflə başa vurub və biznes sahəsində çalışmağa başlayıb.

Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə döyüşüb. O, topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 18-də Füzulinin azad edilməsi ilə bağlı sevincini ailəsi ilə bölüşən Vüsal Şahmarlı 40 dəqiqə sonra snayper gülləsi ilə şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla doğma ata-baba yurdunda torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Anası deyir ki, sentyabrın 21-də Vüsala çağırış vərəqəsi gələndə o çox sevindi. Mən də o həyəcanın qarşısında ona heç nə demədim. Çünki başqa yolumuz yox idi, torpaqlarımızın azadlığı hər şeydən üstün idi...

Övlad itkisi çox ağırdı. Amma yeganə təsəllimiz onun torpaqlarımızın azadlığı uğrunda şəhid olmasıdır. Şəhidlik ən uca zirvədir. Biz hamımız Şəhidlərimizlə fəxr edirik!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, nur üzlü Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər