Rizvan Hüseynov onu da qeyd edib ki, son 30 ildə həmin şəxslər bəşəriyyətə qarşı cinayət, müharibənin aparılması qaydasının pozulması və ya təcavüzkar müharibə kimi qiymətləndirilə bilən çoxlu sayda əməllər törədiblər: “Xatırladaq ki, bu ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ildırım sürəti ilə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçı rejimin özünü ləğv etməsindən sonra ölkəmizin hüquq-mühafizə orqanları separatçı rejimin hərbi-siyasi rəhbərliyində təmsil olunan 4 nəfəri artıq saxlayıb. Belə ki, “sabiq dövlət naziri” Ruben Vardanyan, “keçmiş xarici işlər naziri” David Babayan, “müdafiə naziri” Lyova Mnatsakanyan və “müdafiə nazirinin sabiq müavini” David Manukyan saxlanılıb”.
Rizvan Hüseynov Azərbaycanın Baş prokuroru Kamran Əliyevin jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirlərə də toxunub: “Kamran Əliyevin sözlərinə görə, cinayət işləri ümumilikdə dörd qrup üzrə aparılır. Buraya Birinci Qarabağ müharibəsi zamanı, atəşkəs rejimi dövründə, İkinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra törədilmiş cinayətlər daxildir. Baş prokurorun da qeyd etdiyi kimi, ümumilikdə 300 nəfər beynəlxalq axtarışa verilib. Kamran Əliyev həmin şəxsləri könüllü təslim olmağa çağırıb”.
Tarixçi alim qeyd edib ki, burada söhbət birmənalı olaraq, tanınmamış separatçı rejimin hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslərdən gedir: “Onlar qəbul olunan qərarlara və onların icrasına görə cavabdehlik daşıyır. Bu kontekstdə Azərbaycan birmənalı olaraq məhkəmə araşdırması aparmalıdır. Azərbaycan hətta bu məhkəmə prosesini açıq şəkildə keçirə bilər və BMT, Beynəlxalq Ədalət Məhkəməsi, Avropa təşkilatları kimi beynəlxalq araşdırmalarla məşğul olan strukturların nümayəndələrini dəvət edə bilər. Bu, bir növ 21-ci əsrin “Nürnberq məhkəməsi” olacaq”.
Tarixçinin sözlərinə görə, belə bir məhkəmənin təşkili ədalətin zəfər çaldığını, terroru dəstəkləyən və himayə edən şəxslərin dinc sakinləri qətlə yetirmək əməllərinə görə ədalətli cəza aldığını göstərəcək. Rizvan Hüseynov həmçinin vurğulayıb ki, Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törətdikləri dəhşətləri təkrarlamaq üçün üçün belə bir məhkəmə prosesi erməni millətçiliyinə ibrət dərsi ola bilər. APA