Ana ciyərparasından ayrılığın ağırlığını daşıya bilməyəndə ona şeirlər yazır, bununla az da olsa başını qatır, təsəlli tapır...
Hikmət çox vaxt nənəsinin yanında olub. Ona görə də, nənəsi onun nə düşündüyünü, nələri xəyal etdiyini yaxşı bilir: - “Dedi, gedəcəm kəşfiyyata yazılacam. Hikmətin arzusu torpaqlarımızın azad edilməsində vuruşmaq idi. Elə bil, ürəyinə dammışdı ki, Qarabağa gedəcək, torpaqlarımız işğaldan azad ediləcək və o da qəhrəman olacaq”.
Dünyaya göz açdığı gündə Vətən müharibəsində şəhadətə ucalan mərd əsgər Hikmət Qəhrəman oğlu Bağırlının bu gün doğum günüdür. O, 2001-ci il sentyabrın 29-da Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurub.
Hikmət idmana çox maraq göstərirdi. Həm boksu, həm də futbolu sevirdi. Boks üzrə dəfələrlə bölgə və rayon yarışlarında iştirak edib, diplom və medallarla təltif edilib.
2019-cu ildə Ağcəbədi rayonuna hərbi xidmətə yola salınıb. Daha sonra Beyləqən rayon N saylı hərbi hissədə xidmətini davam etdirib.
Ordumuzun mərd əsgəri Hikmət Bağırlı Vətən müharibəsi başlayan gündən Füzuli istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak edib və 7 kəndin alınmasında qəhrəmanlıq göstərib.
O, sentyabrın 29-da Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb.
Şəhidimiz sentyabrın 30-da böyük izdiham və ehtiramla doğma Biləsuvarda torpağa tpşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Bütün doğmaları, xüsusilə atası Hikmətlə qürur duyur, ondan danışanda sanki atanın gözləri bir başqa cür işıqlanır...
Hikmət də igid Vətən oğullarımız kimi yurdumuzu azad görmək istəyirdi. Deyirdi ki, mən Qarabağı alıb qəhrəman olacam. Mənimlə Mübariz kimi fəxr edəcəksiniz.
Bu gün hamımız səninlə qürur duyuruq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Hikmət balamız!
Mina RƏŞİD