F.Manafov qeyd edib ki, ən vacibi də odur ki, mən Xankəndidən dünyaya gəlmişəm, orda gözlərimiz açmışam və bu mənim üçün, əlbəttə, bütün Azərbaycan üçün, bütün Dünya Azərbaycanlıları üçün, bütün türk milləti üçün çox böyük sevindirici bir andır, hadisədir: “Bu qədər sevinmək hər bir insanın yəqin ki, taleyinə düşmür. Amma Allaha çox şükür ki. biz bu sevinci yaşadıq. Belə bir anda mən xoşbəxt sözünün aciz olduğunu hətta düşünürəm.Üzür istəyirəm bu ifadəmə görə. Çünki sevincimin həddi-hüdudu yoxdur. Təsəvvür edin ki, mən çox xoşbəxtəm. Çox xoşbəxtəm ki, 68 yaşım var, 69-a keçmişəm və mən bu halların, bu hadisələrin şahidiyəm. Xoşbəxtəm ki, bizim dünya miqyasında tanınan, çox hörmətli Müzəffər Ali baş Komandanımız var. Qarşısında baş əyirəm. Xoşbəxtəm ki, bizim belə güclü ordumuz var. Xoşbəxtəm ki, bizim arxamızda böyük bir Türkiyə var. Xoşbəxtəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından səsləndirdiyi “Qarabağ Azərbaycan torpağıdır!” Bunu bütün dünyaya hayqıraraq car çəkib deməsi bizə böyük bir qürur, sevinc hissi yaşatdı.
Əlbəttə, bu, çox gözəl bir gündür. Amma. Aması var, bilirsiniz, bu qara xislətli, mən bilmirəm onlara necə deyim, bu qara xislətlilərə cənab Ali Baş komandanımız, ordumuz nəhayət, ağ bayraq qaldırtdılar. Ümidvaram ki, o qara xislətli insanlar da, əgər insandırlarsa, qara xislətlərini də ağa çevirərlər. Çevirməsələr də, çevirtdirərlər. Onlara anlatmaq lazımdır, sona qədər də anladılacaq, buna mən əminəm, bütün Azərbaycan əmindi. Çünki bizim dövlətimizin başında cənab Prezident, onun ədalətli siyasəti durur.
“Şuşada oldum, Füzulidə oldum, nəhayət, o günü gözləyirəm və inanıram ki, doğulduğum Xankəndiyə də gedib ordan aşağı düşüb Həsənabad kəndində torpağımızı öpüb gözümə qoyacam”.
Hazırladı: Tahirə AĞAMİRZƏ