22.11.2024, 18:30
AZ EN
14.12.2022, 10:54 428

Ananın “Vüsal gülü”

XƏBƏRLƏR
  • 14 dekabr Şəhid mayor Vüsal Vəliyevin anım günüdür. O, elə əvvəldən də təkcə bir ailənin övladı deyildi. Hələ uşaq ikən hamıya can yandırır, köməklik edir, böyüyün-kiçiyin yolunu saxlayırdı. İllər qanadlı quş kimi ötüb keçir, Vüsal da böyüyür, arzuları şaxələnirdi... Kənd, el-oba sakinləri Vüsalın adını eşidəndə üzü gülür və “Allah qorusun, Vüsalın yeri tamam başqadır, böyük ürəyə sahibdir”, - deyirdilər.

2020-ci 27 sentyabr ında başlayan Vətən müharibəsi! Bütövlüyümüzün bünövrəsi qoyulduğu gün!.. Ağır və Şərəfli, papaqların yenidən başlara qoyulduğu gün!..Bayraqların yenidən işğaldan azad edilən torpaqlara taxıldığı gün! Adlarını tarixə qızıl hərflərlə yazan Qəhrəmanlar!..

İki il bundan öncə, həmin o günlərdə oğulları qanlı-qadalı müharibədə iştirak edən ata-anaların əlindən gələn yalnız övladlarına xeyir-dua vermək idi...

Valideynlərinə dəyər verən övladlar həmişə Vətəni də göz-bəbəyi kimi sevirlər. Vüsal da bellə oğullardan idi. Valideynləri də ona çox bağlanmışdı...

Artıq neçə-neçə rayonlarımız, kəndlərimiz düşmən tapdağından azad olunmuşdu və  Qələbəyə ünvanlanmış müharibə davam edirdi...

Qəfildən eşitdi bu xəbəri, dizi üstə çökdü, gözlərindən axan yarı sevinc, yarı kədər yaşları selə döndü. Qəlbində oğlunun şəhidliyi ilə qürurlansa da ayağa qalxa bilmədi.  həyat yoldaşını və Vüsalın nişanlısını oğlu Əliyara tapşıra bilməmiş ölüm önünü kəsdi. Şəhidliyin zirvəsinə ucalan Vüsalın nəşi gəlib evlərinə çatmamış sinəsində oğul dağı ilə dünyasını dəyişdi İslam Vəliyev...

Vəliyev Vüsal İslam oğlu 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə  Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub.2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax, Göygöl və Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, şəxsən Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov tərəfindən təqdim edilib.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Sıldırım dağ, daş, qayalarla, keçilməz meşəliklərlə Şuşaya qalxıb mənfur düşməni əlbəyzaya döyüşlərlə qovan mayor Vüsal Vəliyev Şuşa döyüşləri zamanı döyüşçü yoldaşlarını döyüş meydanından çıxarərkən şəhidliyin zirvəsinə ucalıb.

14 dekabr 2020-ci il tarixdə böyük izdiham və ehtiramla Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Şəhidimizin qardaşı Əliyar Vəliyev deyib ki, Vüsalı Naxçıvana aparanda Bakıdan xeyli qərənfil almışdım. Gülçü kişi qərənfilləri bibioğluya verəndə şəhid üçün apardığını bildiyi üçün digər güllərdən də bir neçəsini "şəhidə mənəvi borc kimi" pulsuz vermişdi.

Güllər ata evimizdə tabutun üzərinə qoyuldu. Tabut evdən çıxanda güllərdən birinin kiçik bir budağı (bircə yarpaqdan ibarət) qopub yerə düşüb. Vüsal Şəhidlər Xiyabanına aparılandan sonra anam balkona çıxanda yerdə əzilmiş kiçik gül budağını görür. Həmin vaxt anamın yadına lap çoxdan baxdığı bir film düşür. Filmdə oğlu müharibəyə gedən qadın quru bir budağı bağçaya "əgər oğlum sağ qayıdacaqsa, bu budaq cücərsin, bar versin" niyyətilə əkir. Budaq cücərir, böyüyür və bar verən zaman qadının oğlu müharibədən sağ  gəlir.

Anam da əzilmiş, bircə yarpaqdan ibarət kiçik gül budağını elə yaxınlıqdakı dibçəyə "Vüsal üçün" əkir. Qışın güclü soyuğuna, şaxtaya baxmayaraq həmin bircə yarpaq yazda cücərib, böyüyüb və çoxlu qırmızı güllər açıb.

İndi anam həmin gülə "Vüsal gülü" deyir. Bircə yarpağına da kiminsə toxunmağına qıymır. Hər həftə həmin güldən dərib Vüsalın məzarına aparır.

Anamın ürəyinin lap dərinliyində isə gül cücərdiyi üçün hələ də Vüsalın haçansa qayıdıb gələcəyinə ümid közərib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər