31.07.2025, 23:00
AZ EN
22.09.2023, 12:45 544

Reinteqrasiya prosesi başlandı

XƏBƏRLƏR
  • Bu gün gündəmin əsas mövzusu sentyabırn 21-də  Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə keçirlən görüşün və sonrakı proseslərin gedişatı ilə bağlıdır.

“Öncə xalqımızı təbrik edirəm. Çünki bu, bizim 30 ildən sonra ilk dəfə əldə etdiyimiz tam suverenlikdir. Çünki həmin ərazidə, yəni Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra üç ilə yaxın müddət ərzində hələ də saxlanılan terrorçu silahlı qruplaşmaların sıradan çıxarılması prosesi başlayıb və bir gün ərzində Azərbaycan tərəfindən lokal anti-terror əməliyyatları nəticəsində onların ay bayraq qaldıraraq silahları yeri qoyması və təslim olması prosesi başladı. Yəni 24 saat ərzində, daha doğrusu, heç 24 saat da dözə bilmədilər, çünki Azərbaycan Silahlı Qüvvələri kifayət qədər hazırlıqlı idi və Azərbaycan özünün beynəlxalq hüquq çərvivəsində ona verilən imkanlardan istifadə edərək ərazisində mövcud olan terrorçu silahlı dəstələrin təmizlənmə prosesini apardı”. Bunu Beynəlxalq Araşdırmalar və  Diplomatiya Mərkəzinin rəhbəri Samir Hümbətov sentyabırn 21-də  Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə keçirilən görüşün təfərrüatları barədə İctimai televiziyada aparılan müzakirə zamanı deyib.

Politoloq qeyd edib ki, indi bunun ikinci mərhələsi başlayır. İkinci mərhələ nədən ibarətdir?

“Bu günə qədər, hətta iki dəfə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni əsilli nümayəndələrin Bakıya dəvət olunması  baş vermişdi, onda da ermənilər müxtəlif bəhanələrlə görüşdən imtina etmişdilər. Daha sonra Bərdə və Yevlaxdakı görüşdən imtina etdilər. Yəni ki,  bu proses bir neçə dəfə Azərbaycan tərəfindən irəli sürülsə də, ermənilər müftəlif bəhanələrlə görüşdən yayınırdılar. Amma indi bir günlük lokal anti-terror tədbirlərindən sonra gördük ki, artıq özləri qaça-qaça gəlirlər və razıdırlar buna. Çünki  onlar artıq başa düşürlər ki, bu ərazinin suveren huququ Azərbaycana məxsusdur və əgər yaşamaq istəyirlərsə, onların birinci işi Azərbaycanla danışmalı və orada mövcud olan özlərinin “oyuncaq hökumətləri”nin tamamilə sıradan çıxarılması və əvəzində isə Azərbaycanın reinteqrasiya proseini şərtləndirməlidirlər. Beləliklə də, onlar  Azərbaycanla birgə bir döblət altında, bir bayraq altında, bir konstitusiya çərçivəsində yaşamalıdırlar”.

S.Hümbətov daha sonra əlavə edib ki,  hesab edirəm ki, bu görüşdə əsas müzakirə olunacaq mövzular Azərbaycanın mərkəzi icra hakimiyyəti strukturlarının həmin ərazilərdə formalaşdırılması, orada yerli bələdiyyələrin, polis nümayəndələrinin və digər dövlət orqanlarının, inzibati orqanların fəaliyyətinin Azərbaycan qanunları, Azərbaycan konstitusiyasına uyğun olaraq tənzimlənməsi prosesinin həyata keçirilməsidir: “Artıq buradan  geriyə dönüş yoxdur. Qarabağ ermənilərinin nümayəndələri üçün də  və Azərbaycan üçün də. Çünki Azərbaycan artıq bir dəfə qərar verib. Cənab Prezident də xalqa müraciətində fikirlərini tam açıqlayıb. Biz o qərarların, sətiraltı mənalarını bəzən açıq şəkildə, bəzən qapalı şəkildə şahidi olduq.  Hesab edirəm ki, bu məsələ qarşıdakı dönəmdə, ən yaxın zaman ərzində həmin ərazilərdə Azərbaycan dövlət orqanlarının fəaliyyətinin bərpası, Azərbaycan valyutasının istifadə edilməsi və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının qısa müddət ərzində Azərbaycana reinteqrasiya prosesinin başa çatdırılması, onların da digər Azərbaycan vətəndaşları kimi Azərbaycan paspostu ilə  Azərbaycan vətəndaşı statusunu öz  üzərinə götürməsi prosesi başa çatacaq”, - deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR