21.11.2024, 10:21
AZ EN
03.06.2022, 08:26 2270

Elini sevən oğul...

XƏBƏRLƏR
  • Bəzən insanın adı onun taleyi ilə birbaşa bağlı olur... Elsevər kimi... Dinc, qurucu bir peşəyə yiyələnsə də, el-oba, vətən sevgisi onu əlinə silah götürüb doğma torpağın müdafiəsinə yollanmağa sövq etdi. Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak etdi və şəhidlik zirvəsinə yüksəldi.

Elsevər Ağacan oğlu Əhədzadə 3 iyun 1995-ci il iyun ayının 3-də Sabirabad rayon Cavadkənd kəndində anadan olmuşdu. Orta təhsilini Bakı şəhərindəki 62 saylı liseydə almış, 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin “Tikinti materialları və məmulatları istehsalı texnologiyası” ixtisasına qəbul edilmişdi... Təhsil illərində müəllimləri daim ondan razı idilər, intizamlı, məsuliyyətli, çalışqan, ədəb-ərkanlı tələbə kimi tanınırdı. “Hamımız üçün örnək idi,” – tələbə yoldaşlarının onun haqqında yekdil rəyi belədir.

İstehsalat təcrübəsini keçdiyi “AS İnsaat” şirkətinin beton zavodunda bilik və bacarığı ilə seçilmiş, burada işləmək təklifi almış, bir müddət çalışmışdı da...

Ali təhsilini bitirdikdən sonra Elsevər müddətli hərbi xidmətdə olmuş, Tovuz rayonunun Əlibəyli kəndində xidmət keçmişdi.

44 günlük Vətən müharibəsinə isə o, hərbi səfərbərlik çağırışı ilə yollandı. Həmin vaxt kiçik qardaşı Fərid də səfərbərliyə alınmışdı. Ailədə valideynlərindən vətən sevgisi, el-obaya bağlılıq duyğuları əxz etmiş qardaşlar müxtəlif istiqamətlərdə düşmənlə döyüşdə iştirak edirdilər.

Döyüşçü dostları Elsevəri mərdə, ürəkli bir əsgər kimi səciyyələndirirlər. Hər zaman irəlidə addımlayar, cəsurluğu, qorxmazlığı ilə seçilirdi, yaralı yoldaşlarını xilas edirdi. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə fədakarlıqlar göstərən igid əsgər Gecəgözlü kəndində şəhadətə yüksəlib.

Müharibədə iştirakını ailəsindən gizli saxlayırmış, yalnız hərbi təlimdə olduğunu deyirmiş... Qardaşının da Füzulidə olduğunu anasından eşidib mütəssir olsa da, valideynlərinə təsəlli verirmiş... Özü şəhid olsa da, qardaşı müharibədən sağ-salamat qayıdıb. 

Elsevərin şəhid olması xəbəri ailəsinə oktyabrın 24-də çatdırılıb. Oktybarın 25-də Bakıda, Keşlə qəsəbəsindəki Şəhidlər Xiyaba­nında dəfn edilib.

Dövlətmizin başçısının sərəncamları ilə Elsevər Əhədzadə “Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər