01.08.2025, 00:18
AZ EN
15.09.2023, 16:00 387

Kiçik kəndin böyük generalı – Mahmud Əbilovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın hərbi xadimi, general-mayor Mahmud Əbilovun doğum günüdür. O, 1898-ci il sentyabrın 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. Bakı və Tiflis hərbi məktəblərinin məzunu olan M.Əbilov 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlamış, Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir.

Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir.

M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.

M.Əbilov 2 dəfə “Qızıl Ulduz bayrağı”, 2-ci dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilmişdir. Mahmud Əbilov 1972-ci il yanvar ayının 2-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilmiş, burada onun büstü qoyulmuşdur. Generalın doğma kəndi Ukurda onun möhtəşəm abidəsi ucaldılmış, kənddəki məktəbə adı verilmişdir. 2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə çəkilmiş “Kiçik kəndin böyük generalı” adlı sənədli film Mahmud Əbilova həsr edilmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR