Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Sonuncu dəfə oktyabrın 12-də ailəsi ilə danışıb və elə həmin gün şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 17-də böyük bir izdihamla doğma İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Birinci Qarabağ Müharibəsinin veteranı olan atası deyir ki, Əşrəf döyünən ürəyim idi, onu çətinliklə böyütmüşdüm. Onun ruhuna qurban olum. Əşrəf hərbi xidmətdən sonra xüsusi təyinatlı oldu. O, müharibəyə hazırlaşırdı. Əşrəf kimi oğullar çox idi və onlar yeni bir tarix yazdılar. Onların ruhu şad olsun. Erməni kafirləri məhv edilməli idi. Torpağımız axı nə qədər işğal altında qalacaqdı. Bizim güclü ordumuz var. Arzumdu ki, torpaqlarımız həmişə azad olsun, kafirlər bir də Xocalı faciəsi kimi müsibətləri törədə bilməsinlər.
Əşrəfin anası da atası kimi balasının həsrətinə çətinliklə dözür və yeganə təsəllini oğlunun Vətən uğrunda şəhidliyində tapır. Şəhid anası deyir ki, Əşrəf uşaqlıqdan çox zirək idi, hara getsə o işi yarıdardı. Hər işə həvəslə yanaşardı. 11 yaşından atasının yük maşınını sürməyə başladı, onda boyu çatmırdı, amma ayaq üstə dayanır və yenə əl çəkmirdi. Elə bu həvəslə də maşın ustası oldu. Qolu sınmışdı, amma özünü öldürürdü ki, hərbi xidmətə getsin. Gedəndə də dedi ki, torpaqlarımızı almamış geri dönən deyiləm. Sonra evə qayıtdı, 1-2 ay sonra dedi ki, mən hərbçi olmalıyam. Gizir oldu və xüsusu təyinatlı snayperçi idi. Biz bunu müharibə başlayanda öyrəndik. Elə müharibədə olanda da deyirdi ki, mən arxadayam, narahat olmayın. Allah mənə balamla cənnətdə görüşməyi nəsib eləsin.
Cənnətdəki doğum günün müharək, məzarın nurla dolsun, Əşrəf balamız!
Mina RƏŞİD