24.04.2025, 21:35
AZ EN
14.09.2023, 09:01 297

Mən ən uca zirvədəyəm

XƏBƏRLƏR
  • Vahid dərd-sərini başqaları ilə bölüşməyi sevməzdi. Onu sözsüz də başa düşən anası Vahidin yeganə həmdəmi idi. Elə o da anasının dayağı olmuşdu. Yoxsa anası onun haqqında deməzdi ki, Vahid həm oğul, həm qardaş, həm də mənə sirdaş olmuşdu: “Vahid ayrı bir oğul, tamam başqa insan idi... Onunla ancaq fəxr edirəm!”

Bu gün doğum günü olan qəhrəman şəhidimiz əsgər Vahid Məcnun oğlu Ağayev 1996-cı il sentyabrın 14-də Bakı şəhərində Maştağa qəsəbəsində anadan olub. O, qardaşı ilə əkiz doğulmuşdu. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbin birinci sinifinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. 2015-ci ildə hərbi xidmətə yollanıb. Vahid hərbi xidmətini Gədəbəy rayonunun İvanovka kəndindəki “N” saylı hərbi hissədə keçirib. 2017-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Vahid də könüllü olaraq bütün qəlbiylə, ürəklə yollanıb. Onun döyüş yolu sentyabrın 29-da başlayıb, Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada vuruşub. İgid əsgər 2020-ci il noyabrın 10-də Şuşada qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 2020-ci il noyabrın 17-də Maştağadakı Şəhidlər Xiyabanında böyük bir izdihamla torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vahid Məcnun oğlu Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vahid müharibədən əvvəl bütün doğmaları, sinif yoldaşları, müəllimləri ilə görüşüb, hallalşmışdı. Anasına demişdi ki, o şəhid olsa ağlamasın, başını dik tutsun.

Vahid Şuşada vuruşanda arada anasına zəng edib. Anası suruşanda ki, haradasan ona belə cavab verib: “Ana, ən yaxşı, ən uca bir yerdəyəm”.

Bəli, Vahid çox sevdiyi gözəl Şuşadan anasına zəng edirdi... Şuşanı görmək və onun azadlığı uğrunda vuruşmaq Vahidin də ən böyük arzusu idi. O, Şuşada gözlərini yumsa da ruhu Vətən torpağında əbədilik qazandı... İndi o doğrudan da ən uca zirvədədir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Vahid balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər