Vətən müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurundan daha çox payı olan şəhid ailələridir. Çünki onlar son ümidlərini belə Vətən yolunda qurban verməkdən çəkinmədilər...
44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında çavuş Vüsal Dəmirov da var.
Vüsalın 7 yaşı olanda atası dünyasını dəyişib. Uşaq ikən atasını itirən Vüsal anasının tək oğlu, bacısının tək qardaşı olub. Amma bütün bunlara baxmayaarq. Vüsalın Vətən sevgisi hər şeydən üstün olub.
Vüsal Dəmirov 2000-ci ildə İsmayıllı rayon 1 saylı tam orta məktəbinə gedib.
2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İmdan liseyinə daxil olub. Oranı bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, hərbi xidmətdə fərqlənməyə görə fəxri fərman və mükafatlara layiq görülüb.
Vüsal Dəmirov 2016-cı il Aprel, 2020-ci il Tovuz döyüşlərində fəal iştirak edib.
Qəhrəmanımız, 27 sentyabr tarixində başlayan Vətən müharibəsində böyük şücaətlər göstərib. Füzuli döyüşlərinin qəhrəman döyüşçülərindən biri olan Vüsal 2020-ci il oktyabrın 5-də ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Çavuş Dəmirov Vüsal Aydın oğlu ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Döyüş yoldaşlarının dediyinə görə ağır yaralandığı zaman Vüsal yüksək səslə deyib ki, anama salam deyin, deyin ki, başını uca tutsun, onu şəhid anası etdim...
Tahirə AĞAMİRZƏ