Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhərin mərkəzində – BMT, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların nümayəndəliklərinin yerləşdiyi küçədə baş tutan məlumatlandırma aksiyası Azərbaycan icmasının fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasına son qoy!”, “Ermənistan sülhü deyil, müharibəni seçir”, “Erməni minaları mülki şəxsləri öldürür”, “Erməni minaları - hərbi cinayətlər!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgərləri olmamalıdır!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Azərbaycan muğamının və həzin musiqinin səsləndirildiyi aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən bəhs edən broşürlər paylanıb.
Azərbaycan Bayrağının dalğalandırılmasını, milli musiqimizin səsləndirilməsini, Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən plakatların nümayişini və broşürlərin paylanmasını həzm edə bilməyən erməni əsilli sakinlərdən biri aksiyanın dayandırılması tələbi ilə polisə müraciət edib. Lakin polis əməkdaşı aksiyanın yerli qanunlara uyğun qaydada keçirildiyini əsas gətirərək erməninin tələbini rədd edib.
Qeyd edək ki, broşürlərdə Ermənistanın yolverilməz əməlləri nəticəsində Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il də Vətən müharibəsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın mina xəritələri verməkdən imtinasının insan hüquqlarını pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə Konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində 60 min hektardan çox meşə sahəsinin məhv edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb. (AZERTAC)