Prezidentin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis etməsi mühüm əhəmiyyət daşıyır
Bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Düşmən Vətən savaşında 44 günün sonunda ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. 2020-ci il dekabrın 1-də üçtərəfli Bəyanata əsasən 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuş Laçın rayonu əsarətdən qurtarıldı.
Bundan əvvəl isə noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir
Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. 2022-ci il avqustun 26-da ordumuz böyük strateji əhəmiyyətə malik Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil oldu. Sentyabrın 21-də isə Müzəffər Ali Baş Komandan tərəfindən Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hazırda Laçın rayon sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdırlar.
44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu ortaya qoydu. Ordumuzun hər bir mənsubu isə göstərdiyi şücaətlə, misilsiz qəhrəmanlıqlarla Zəfər dastanına öz imzasını həkk etdirdi.
Vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Malik Cəbiyevdir. Malik İkinci Qarabağ müharibəsində Laçın və Şuşa istiqamətində şərəfli və çətin döyüş yolu keçib.
Onun öz silahdaşları ilə Şuşa qalasını ələ keçirmək üçün misilsiz xidmətləri olub. Düşmənin tanklarını, BMP-lərini məhv edib. Şuşa məscidinə dostları ilə birlikdə xalçaları öz əlləri ilə düzüb və namaz qılmaq arzusunu reallaşdırıb. Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, lakin hərbçimizə zərər dəyməyib. M.Cəbiyev deyir ki, Şuşanı cırmaqlayaraq, əllərimizlə almışıq.
Naxçıvandan Qarabağa uzanan döyüş yolu
Ehtiyatda olan baş gizir Malik Cəbiyev 2020-ci ilin oktyabrın 17-də Culfa rayonundan Naxçıvana gəldiklərini, həmin gecə “N” saylı hərbi hissədə qaldıqlarını, oktyabrın 18-də isə Füzuli rayonunun Dünyamalılar kəndinə çatıb döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara başladıqlarını deyib: “Oktyabrın 19-da “N” saylı Xüsusi Təyinatlı Bölmənin tərkibinə verildim. Günün ikinci yarısında Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsinə doğru hərəkət etdik və Qırmızıqaya kəndinin yaxınlığındakı yüksəkliklərdə yerləşdik. Axşamtərəfi kəndə girərək oranı düşməndən təmizlədik. Növbəti hədəfimiz Tuğ kəndinin azad edilməsi idi ki, oktyabrın 20-də həmin tapşırığı uğurla icra etdik. Növbəti gün Azak yaşayış məntəqəsini və adsız yüksəklikləri ələ keçirərək təminat-təxliyə yollarını nəzarətə götürdük. Hər addımda qazandığımız qələbə bizi daha da ruhlandırırdı. Oktyabrın 22-də Köç yaşayış məntəqəsini, növbəti gün səhər isə həmin məntəqədən vacib yüksəkliyə doğru hərəkət edib oranı ələ keçirdik. Nəticədə Martuni-Qırmızı Bazar istiqamətində təminat yollarını nəzarətə götürdük”.
Laçın istiqamətində də gedən döyüşlərdə iştirakından söz açan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı 2020-ci il oktyabrın 24-də döyüş yoldaşları ilə birlikdə Çanaxçı meşəsinə doğru hərəkət etdiklərini, lakin üç gün mühasirədə qaldıqlarını deyib: “Mühasirədən çıxaraq Şuşa istiqamətinə doğru hərəkətə başladıq və oradakı meşədə gecələdik. Oktyabrın 29-da Şuşa rayonunun Daşaltı kəndinin üstündəki adsız yüksəkliyi ələ keçirdik və orada tərtibləndik. Oktyabrın 30-da Topxana meşəsinə getmək barədə tapşırıq aldıq. Oraya getmək üçün isə Laçın dəhlizini ələ keçirməli idik. Noyabrın 1-də Xocavənd-Şuşa istiqamətində hərəkət etdiyimiz zaman ordumuzun bölmələri tərəfindən düşmənin meşədəki silah-sursat anbarı artilleriya qurğuları vasitəsilə məhv edildi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndiyindən irəliləməyi dayandıraraq orada mövqeləndik. Bir gün orada qaldıqdan sonra Daşaltı kəndinə daxil olmağı bacardıq. Bundan sonra tapşırığımız Laçın dəhlizini ələ keçirmək oldu. Laçın dəhlizində ermənilər mövqe və səngərlərdə çox bərkitmə işləri aparmışdılar. Demək olar ki, düşmənin bütün qüvvəsi orada idi. Həmin ərazidə çox qızğın döyüşlər getdi. Düşmən ağır texnikalar ilə bizi atəşə tutmuşdu. Buna baxmayaraq, tapşırığı uğurla yerinə yetirdik”.
Şuşa uğrunda gedən qızğın döyüşlər
Onun sözlərinə görə, Naxçıvandan gəlmiş əsgər və zabit heyətindən bir qrup Laçın şəhəri istiqamətindən Şuşaya gələn, digər qrup isə Şuşa şəhərindən Laçına gedən yolu bağladı: “Noyabrın 2-də biz Laçın dəhlizini nəzarətə götürdük, düşmənin texnikalarını, hərbi avtomobillərini partlatdıq. Düşmən orada xeyli sayda itki verdi. Həmçinin adsız yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirdik. Bir gün Laçın dəhlizində qaldıq və sonra Topxana meşəsinə doğru hərəkət etdik. Noyabrın 4-də Şuşa şəhərinə doğru irəlilədik. Yüksəklikdə yerləşən komanda məntəqəsinin yaxınlığında yerləşdik və sonra hücum edərək Xankəndi-Şuşa yolunu nəzarətə götürdük. Bundan sonra noyabrın 5-də Şuşa şəhərinə hücuma başladıq. Şuşa həbsxanasının yanında düşmən pusqusuna düşsək də qurtularaq Şuşa qalası istiqamətində hücumu davam etdirdik. Noyabrın 6-da döyüş yoldaşlarımla mühasirədə olan şəhid və yaralıların ardınca getdim. Şuşa həbsxanası tərəfdə istifadəyə yararlı olan avtomobil taparaq yaralıları və şəhidlərimizi təxliyə etdik və Şuşa məktəbinə gətirdik. Noyabrın 7-də isə pusquda gözlədik və digər qruplarla birlikdə Şuşanı düşməndən təmizlədik. Bir gün sonra Şuşanın azad olunması Ali Baş Komandan Prezident İlham Əliyevə məruzə edildi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Qeyd edək ki, Şuşanın alınmasında xüsusi igidlik göstərən qəhrəman döyüşçü Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, eləcə də “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Laçının yeni inkişaf dövrü başlayıb
Xatırladaq ki, Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.
Bu gün işğaldan azad edilmiş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Lakin xalqımız ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərimizin və qazilərimizin xidmətini heç zaman unutmur. Unutmayaq ki, Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. (AZƏRTAC)