20.10.2024, 04:47
AZ EN
04.08.2023, 10:31 278

Qardaşım Zəfərlə geri dönmək istəyirdi

XƏBƏRLƏR
  • Əhmədin anası deyir ki, mən oktyabr ayında bilmişəm oğlum müharibədə ön cəbhədədir. Çünki o, həmişə deyirdi ki, mən arxadayam. Şəhidimizin bacısı isə söyləyir ki, Əhməd Qələbə ilə geri dönmək istəyirdi. Amma qardaşım düşmənlə vuruşa-vuruşa Şuşaya qədər - müharibənin son anlarına qədər irəli getdi və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı...  

Bu gün belə bir qəhrəman oğulun – Vətən Müharibəsi şəhidi, çavuş Əhməd Vaqif oğu Kərimovun doğum günüdür. O, 1989-ci il avqust ayının 4-də Göyçay rayonunda dünyaya göz açıb. Doğma rayonda orta təhsilini alıb. Hərbi xidmətini başa vurub və Korporasiya Universitetinin məzunu olub.

Azərbaycan Ordusunun çavuşu Əhməd Kərimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Döyüş yoldaşının məlumatına görə Əhməd  Şuşanın Daşaltı kəndinə ilk daxil olan taborların birində vuruşub.

Vətən müharibəsinin bitməsinə bir gün qalmış noyabrın 7-də Şuşa istiqamətində gedən qanlı savaşda çavuş Əhməd Kərimov qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla doğma Göyçayda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əhməd Kərimov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və “Şuşanın azad eilməsinə görə” medalları ilə təltif edilib.

Doğmalarının yanına Şanlı Zəfərlə dönmək arzusu ilə alışıb-yanan Əhməd Kərimovun adı bu gün dillər əzbəri olan Şəhidlərimizlə birgə  müqəddəs and yerimizə çevrilib. Çünki o bizə - Azərbaycana böyük sevinci – Zəfəri bəxş edənlərdən biridir.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər