22.11.2024, 00:44
AZ EN
22.07.2023, 09:03 162

Milli mətbuatımızın yaranmasından 148 il ötür

XƏBƏRLƏR

Azərbaycan mediası bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır

Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.

AZƏRTAC mətbuatımızın 148 ildə keçdiyi çətin və şərəfli yolun bəzi önəmli məqamlarına nəzər salır.

Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.

Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Bu, çar Rusiyasına xoş gəlmədiyi üçün çox keçmədən “Əkinçi”nin nəşri dayandırıldı.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirməkdə davam edib.

Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması KİV məkanında islahatların dərinləşdirilməsinə imkan yaratmaqla yanaşı, milli mətbuatımıza yeni nəfəs gətirdi.

MEDİA-nın təşkilatçılığı ilə ötən il iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Media Forumunun keçirilməsi böyük rezonans doğurdu. Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı Şuşada qeyd etdilər. “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda təşkil edilən forumda Azərbaycanın media nümayəndələri və dövlət rəsmiləri ilə yanaşı, 20-dək ölkədən mətbuat təmsilçiləri iştirak etdilər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediasının tarixinə əlamətdar hadisə kimi yazıldı.

Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü reallaşdırdı. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.

Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Azərbaycan jurnalistləri bu gün də iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər.

Oxşar xəbərlər